Son yeniləmə: 7 Aprel 2022 15:22
Emin Həsənli: Ağdaban faciəsi düşmənlərimizin qaniçən xislətinin növbəti təsdiqidir
Bayraqdar.info – “Ermənistan terror dövlətidir. Ermənilərin ilk yaratdığı partiya olan “Daşnaksütun”un proqramında da bu, açıq şəkildə özünü göstərir. Orada türkləri məhv etmək və onların ərazisində “böyük Ermənistan” yaratmaq hədəfi qoyulub. Ermənilər zaman-zaman bu məqsədlə xalqımıza qarşı qətliamlar – soyqırımları törədiblər. Bunların içərisində ermənilərin 1992-ci il aprelin 8-də törətdiyi və öz qəddarlığı ilə fərqlənən Ağdaban faciəsi də var”.
Bunu Ağdaban faciəsinin növbəti ildönümü ilə bağlı bayraqdar.info-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Ermənilər hər zaman kütləvi qırğına əl atıblar
Onun sözlərinə görə, ümumiyyətlə terrorçuluq Ermənistanın dövlət siyasətinin mərkəzində dayanır: “Onlar öz niyyətlərinə çatmaq üçün hər zaman terrora, kütləvi qırğına əl atıblar. Elə ötən əsrin səksəninci illərinin sonlarından etibarən də onlar öncə Qərbi Azərbaycanda, sonra isə Qarabağda, o cümlədən Qazaxda xalqımıza qarşı qanlı aksiyalar, soyqırımları törətməyə başladılar. Bəlli olduğu kimi, ilk soyqırımı onlar Qazaxda, Bağanıs-Ayrım kəndində törətdilər. Daha sonra Qaradağlıda, Xocalıda, Cəmillidə və digər yerlərdə bu qanlı aksiyaları reallaşdırdılar. Dediyim kimi, bu sırada Ağdaban faciəsi də var. Həmin vaxt erməni bölücüləri tərəfindən törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilib, 67 nəfər isə amansızlıqla qətlə yetirilib. Bundan əlavə, 2 nəfər itkin düşüb, 12 nəfər isə ağır bədən xəsarətləri alıb”.
E.Həsənli onu da deyib ki, ermənilər təkcə insanlara qarşı qəddarlıq etməyiblər: “Ermənilər tərəfindən Ağdabanda tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Bundan başqa, Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbani və onun oğlu – ifaçı və yaradıcı aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aşıq Şəmşirin evi, zəngin arxivi və əlyazmaları yandırılıb və talan olunub. Bu da onların dağıdıcı, yırtıcı xislətinin daha bir təsdiqidir”.
Bunun kökündə erməni xisləti dayanır
Birlik sədri vurğulayıb ki, ermənilərin xalqımıza qarşı bu cür davranışının kökündə onların xisləti, erməni tərbiyəsi dayanır: “Ermənilərin bu cür, yəni qaniçən, türk düşməni kimi yetişdirilməsinə beşikdən başlanılır. Erməni anası balasına nağıl əvəzinə türkün qanına susamağa təlqin edən uydurulmuş rəvayətlər danışır. Daha sonra orta məktəbdə oxuyan hər bir erməninin türk düşməni kimi yetişməsi üçün bu ölkənin müəllimləri, ziyalıları dəridən-qabıqdan çıxırlar. Əslində, onlar ziyalı adına da ləkədirlər. Digər tərəfdən, Zori Balayanın timsalında biz gördük ki, erməni ziyalısı ilə başıpozuq hansısa erməni silahlısı arasında heç bir fərq yoxdur. Yəni onların ikisi də qaniçən, goreşən xislətdə tərbiyə alıb, yetişiblər. Bunu onların din xadimləri haqqında da demək olar. Çünki Azərbaycan xalqına qarşı bu qətliamların “xeyir-duası” da erməni kilsələrindən verilib”.
Ağdaban faciəsi Kəlbəcərin işğalına şərait yaratmaq üçün törədildi
E.Həsənli onu da deyib ki, Ağdaban faciəsi Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədilə törədildi: “Onu da qeyd edim ki, Ağdaban soyqırımının baş verməsində bir neçə səbəb var idi. İlkin səbəb ermənilərin Kəlbəcəri işğal planı idi. Yəni onlar Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədilə bu faciəni törətdilər. İkinci səbəb müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın hələ hər hansı gücə malik olmaması idi. İqtisadiyyatımızın olmaması özlüyündə bütün sahələrin inkişafının qarşısını alır, o cümlədən ordu quruculuğuna başlanmasını qeyri-mümkün edirdi. Eyni zamanda, təbliğat baxımından da demək olar ki, heç bir addım atılmırdı. Haqq işimizin dünyaya çatdırılmaması fonunda ermənilərin yalan kampaniyalarının bütün dünyada aparılması bizi çətin durumda qoymuşdu. Təbii ki, bu məsələdə də həmin vaxt Azərbaycanda hakimiyyətdə olanların səriştəsizliyi, naşı siyasət yürütməsi, həlli vacib məsələlərə etinasız yanaşmaları əsas rol oynayırdı”.
Bildirilib ki, həm bunlar, həm də keçmiş SSRİ, sonrakı Rusiya rəhbərliyinin erməniləri açıq-gizli silahlandırması bizim üçün olduqca vahiməli durum yaratmışdı: “Düşmən əliyalın xalqımızı soyqırımına məruz qoyur, öz doğma yurd-yuvalarından didərgin salır, buna rəğmən dünya onların haqlı olduğunu deyirdi”.
Bu faciənin günahkarları layiq olduqları cəzanı almalıdırlar
“Lakin zaman dəyişdi. 2020-ci ildə cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi zəfər əldə etdi. Topraqlarımız işğaldan azad edildi. Bu müharibə zamanı da Azərbaycan əsgəri silahsız, günahsız bir erməniyə belə xətər yetirmədi. Bu müharibə zamanı Azərbaycan ordusu erməni mülki əhalisi ilə davranışına görə də dünyaya nümunə oldu. Silahsız, əliyalın insanlara olmazın işgəncələr verən, həlak olan əsirlərin cəsədlərini, hətta qəbirləri belə təhqir edən erməni əsgərindən fərqli olaraq Azərbaycan əsgəri insanlıq dərsi keçdi. Hesab edirəm ki, artıq dünya hər şeyi gözəl bilir və xalqımıza qarşı törədilən qanlı cinayətlərin, o cümlədən Ağdaban faciəsinin günahkarları layiq olduqları cəzanı almalıdırlar. Eyni zamanda biz – həm özümüz, həm də gələcək nəsillərimiz bədnam qonşularımızın bu qanlı əməllərini, bu faciələri heç zaman unutmamalıyıq”.