Son yeniləmə: 7 Aprel 2022 16:54
Bayraqdar.info – Rusiyanın əsassız və ədalətsiz təcavüzü nəticəsində minlərlə dinc insanın öldürülməsi, şəhər və kəndlərin dağıdılması dünyanın haqlı hiddətinə səbəb olur. Bunun üzərinə Rusiya işğalından azad edilən yaşayış məntəqələrində üzə çıxan gerçəklər isə sadəcə insanlıq dışıdır. Belə gerçəklərdən biri də Buça şəhərində müşahidə edilib.
Ukrayna ordusunun ciddi dirənişi qarşısında duruş gətirə bilməyən işğalçı Rusiya şəhəri tərk edəndən sonra arxada buraxıb getdikləri sadəcə hiddətə deyil, ümumiyyətlə insanları məhv edəcək heyrətə səbəb olub. Hər tərəfdə insan meyidləri, özəlliklə də mülki şəxslərin cansız bədənləri üzərindəki işgəncə əlamətləri heç bir normal adamı biganə qoya bilməz.
Lakin Rusiya təbliğatı günlərdir iddia edir ki, baş verənlərdə bu ölkənin hərbçilərinin əli yoxdur. Hətta həyasızcasına iddia edirlər ki, olanları Ukrayna hərbçilərinin özləri törədib. Təbii ki, ağlı başında olan heç bir normal insan buna inanmır, inana da bilməz. Üstəlik, faktlar göz önündəykən.
Bütün bunlardan əlavə olaraq Almaniyanın dünyaca məşhur Der Spiegel (Güzgü) nəşri aprelin 7-də əldə etdiyi məxfi informasiyanı yayıb.
Nəşr bildirir ki, “mülki şəxslərin Buçada öldürülməsi əvvəlcədən planlaşdırılmış əməliyyat olub”. Der Spiegel bu bilgini Almaniya Federal Kəşfiyyat Xidmətinə (BND – Bundesnachrichtendienst) istinadla yayıb.
Nəşrin xəbərində deyilir ki, BND Rusiya hərbçilərinin radio danışıqlarını ələ keçirib. Burada məhz mülki şəxslərin öldürülməsindən söhbət gedir. Danışıqlarda Buça azad edildikdən sonra hətta artıq dünyanın şəkillərini gördüyü konkret şəxslərin öldürülməsi planları da dilə gətirilir.
Der Spiegel qeyd edir ki, bu yolla Rusiya Ukrayna xalqını qorxutmağı planlaşdırıb. Bu, dəqiq bir məqsəd idi və Buçanın qonşuluğundakı İrpen şəhərinin meri Aleksandr Markuşin gördüklərindən hələ də özünə gələ bilmir: “Onlar bizim adamlarımızı güllələyirdilər. Sonra da meyitlərin üzərindən tanklarla keçirdilər. Yalnız bu murdarları qovduqdan sonra biz adamların qalıqlarını yığışdıra bildik. Adamların meyitlərini asfaltın üzərindən kürəklə qaşıyıb çıxarmalı olduq”.
Nə qədər tanış mənzərədir, deyilmi? Eynən Ermənistanın Azərbaycan torpaqlarını işğal sırasında etdikləridir. Eyni taktika, eyni strategiya.
Yeri gəlmişkən, Ermənistan da öz işğalını təkbaşına gerçəkləşdirməmişdi. Yenə də işin içində Rusiya vardı. Özü də açıq şəkildə.
Biz yaxşı xatırlayırıq ki, erməni işğalçıların başçılarından olan Robert Köçəryan, Serj Sargsyan kimi canilər hətta Avropa tribunalarında açıq şəkildə deyirdilər ki, bizim məqsədimiz azərbaycanlıların gözünü qorxutmaq idi.
Aprelin 8-də artıq işğaldan azad edilmiş Kəlbəcərin Ağdaban kəndi faciəsinin 30 illiyi tamam olur. Orda da işğalçılar eyni vəhşilikləri etmişdilər. Yaxud da 30-cu ilini geridə qoyduğumuz Xocalı faciəsində erməni-rus birliklərinin bizə yaşatdıqları da eyni qəbildən idi.
Bəli, onlar da dinc insanları xüsusi qəddarlıqla öldürür, meyitləri belə təhqir edirdilər ki, gözümüz qorxsun.
Amma əksi alındı.
Aradan illər keçsə də Azərbaycan xalqı nəinki qorxmadı və unutmadı, əksinə, daha da qəzəbləndi, toparlandı və cəmi 44 günün içində işğalçı Ermənistanı (elə onun ağasını da) dizə gətirdi. İndi Ukrayna xalqının da gözünü qorxutmaq istəyənlər çox yaxında yanıldıqlarını görəcəklər. Necə ki, Azərbaycan hərəkatında yanıldılar və yenildilər, Ukraynada da yanılıb yeniləcəkləri gün çox da uzaqda deyil…