Son yeniləmə: 7 Aprel 2022 17:53
Bayraqdar.info – Aprelin 7-də Azərbaycan Tibb Universitetində UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə iki qurum arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Bu barədə bayraqdar.info-ya ATU-nun mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitet haqqında qonağı ətraflı məlumatlandırıb, beynəlxalq əlaqələri, xarici ölkələrdəki ali məktəblərlə əməkdaşlığı haqqında danışıb.
Professor G.Gəraybəyli deyib ki, universitetin beynəlxalq əlaqələri günü-gündən genişlənir: “Bu əlaqələrin inkişaf etməsi bizim üçün prioritet məsələlərdən biridir. Bunun nəticəsidir ki, universitetimiz xarici tələbə sayına görə Azərbaycanda birinci yerdədir. Bir sıra ölkələrin universitetləri ilə tələbə, müəllim mübadiləsini həyata keçiririk. O cümlədən elmi-tədqiqat işlərini, birgə layihələri təmin edən ikitərəfli müqavilələr fəaliyyətdədir. Bu il universitetimizin 3 təhsil proqramının beynəlxalq akkreditasiyadan keçməsi müasir dünya ilə inteqrasiya kontekstində çox önəmlidir”.
UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Haykens bu qurumun ölkəmizdəki fəaliyyəti, həyata keçirilən layihələr barədə məlumat verib: “UNICEF-lə ÜST-ün yeni birgə layihəsi var, mən Azərbaycan Tibb Universitetinin ora qoşulmağını istəyərdim. İnanıram ki, bu istiqamətdə əhəmiyyətli işlər görülə bilər. Məsələn, biz akademik araşdırmalar üzərində birgə işlər apara bilərik. Bu gün imzaladığımız memorandum bir deyil, artıq bir çox sahələr üzrə əməkdaşlıq əlaqələrimizi nəzərdə tutur. Tədris proqramlarının yenilənməsi, elmi işlər və s. bura daxildir”.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev UNICEF-lə ATU arasındakı əlaqələr, aparılan işlər haqqında məlumat verib.
Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub. Görüşün sonunda ATU və UNICEF-in Azərbaycan nümayəndəliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.