Son yeniləmə: 7 Aprel 2022 11:32
Bayraqdar.info – 2022-ci ilin yanvar-mart aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.
Bu barədə bayraqdar.info-ya aprelin 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Həmin məlumata əsasən, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə 1 milyard 613 milyon manat vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 5,9 faiz və ya 89,7 milyon manat çoxdur.
Qeyd edilib ki, növbəti islahat paketi olaraq cari ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin edilib. Bu artımlar üçün illik əlavə 2,1 milyard manat vəsait ayrılıb, artımların şamil olunduğu şəxslərin sayı isə 3,4 milyon nəfərdir.