Press "Enter" to skip to content

Qırğızıstan iqtisadi inkişaf yönündə ciddi addımlar atır

Azər Həsrət

Son yeniləmə: 6 Aprel 2022 13:28

Bayraqdar.info – Dünyanın başı Rusiyanın Ukraynaya təcavüzünə qarışmışkən qardaş Qırğızıstan olduqca əhəmiyyətli tarixi addımlar atmaqdadır. Özəlliklə də Kumtör qızıl mədənlərilə bağlı Prezident Sadır Caparovun aprelin 4-də elan etdiyi Nazirlər Kabineti ilə Kanadanın “Centerra Gold Inc.” şirkəti arasında razılaşma bu ölkənin iqtisadi taleyini kökündən dəyişəcək. Qeyd edək ki, razılaşmaya görə, uzun illərdir davam edən mübahisələrə, məhkəmə çəkişmələrinə son qoyulur, Qırğızıstan nəhayət ki, özünə aid olanın tam sahibinə çevrilir. Razılaşmayla Qırğızıstan Nazirlər Kabineti Kumtör qızıl mədəninin tam sahibi və idarəedicisi olur.

Bilgi: Kumtör Orta Asiyanın ən iri yüksək dağ qızıl mədənlərindən biridir. Qırğızıstanın paytaxtı Bişkekdən 350 km məsafədə, İssık Kul vilayətində yerləşir. Eyni adlı göldən 60 km Güneydə, Çin sərhədinin də 60 km-liyində qərar tutub. Tyanşan dağ silsiləsində yerləşən Kumtör həm də dünyanın ən yüksək qızıl mədənlərindən 2-cisidir: dəniz səviyyəsindən 4 min m. yüksəklikdə yerləşir. İllik istehsal imkanı ortalama 20 ton qızıla bərabərdir.

Kumtör artıq Qırğızıstanın özünündür
Kumtör artıq Qırğızıstanın özünündür

Kumtörlə bağlı bu xəbərdən bir neçə gün öncə Prezident S.Caparov 30 illik müstəqillik dövründə Qırğızıstanda ilk dəfə dəmiryol xəttinin çəkilişini elan etdi. O, ölkə üçün strateji əhəmiyyət daşıyan Balıkçı-Koçkor dəmiryolunun tikintisini xəbər verdi. Ardından da əlavə etdi ki, bu yol daha sonra Kara Keçe məntəqəsinə qədər uzadılacaq. Yəni Qırğızıstanın əsas kömür mədənindən çıxarılan məhsul daha asan yolla realizə edilə biləcək. Dəmiryol layihəsi bununla da bitmir. Son nəticə olaraq yolun Calalabadda bitməsi nəzərdə tutulur.

Balıkçı-Koçkor kəsimi 60 km-dirsə, yol Calalabada yetişəcəyi təqdirdə bu, 186 km-ə bərabər olacaq. Əlbəttə, müstəqillik illərində bir m belə dəmir yolu tikməyən Qırğızıstan üçün belə bir təşəbbüs olduqca təntənəli və ümidverici səslənir. Hələ onu da əlavə edək ki, ölkə 30 illik müstəqillik dövründə dəmir yolu çəkməməklə bərabər mövcud yolların 42 km-ni də itirib. Sadəcə dağıdılıb bu yollar…

Qardaş ölkənin həm dəmir yolu, həm də Kumtör qızıl mədəni haqqında elan etdiyi təşəbbüslər istər-istəməz Qırğızıstanın sabahıyla bağlı əlavə nikbinlik yaradır. Çünki ölkə uzun illər qeyri-sabitlikdən əziyyət çəkib. Hər 2-3 ildən bir inqilab baş verib, siyasi hakimiyyət dəyişib. Üstəlik də xarici siyasi müdaxilələr, çevrilişlərin arxasında bəzən Moskvanın, bəzən də Qərbin olması ölkənin toparlanıb iqtisadi inkişaf yoluna çıxmasına ən ciddi əngəli törədib. Təbii ki, belə bir şəraitdə Kanada mərkəzli bir şirkətin Kumtör qızıl mədənini Qırğızıstanın faydası üçün işlətməsi ətrafında sualların yaranması qaçılmazdır. O baxımdan əhali tez-tez xarici istehsalçılara etiraz etmiş, məsələ dəfələrlə Coqorku Keneş səviyyəsində müzakirə edilmiş, lakin əsas nəticə əldə edilə bilməmişdir. İndi isə görünür ki, Prezident S.Caparovun təmkin və ağılla işin üzərinə getməsi Kumtörü tam olaraq milliləşdirir, eyni zamanda “Centerra Gold Inc.”dən gərəkli maliyyə təminatlarını da gerçəkləşdirir.

S.Caparovun Kumtörlə bağlı bu gedişi bizə 1994-cü ilin 20 sentyabrında Azərbaycanın neft sahəsində bağladığı əsrin kontraktını xatırladır. O illərdə ölkə çox qarışıqdı. Yerində duran əlinə silah alıb inqilab edirdi. Bakının küçələrində rahat gəzmək olmurdu. Terror, səs-küylü qətllər adi hala çevrilmişdi. Belə bir şəraitdə Prezident Heydər Əliyev heç nəyə baxmayaraq qətiyyət göstərdi, bp (o vaxt BP) başda olmaqla dünyanın ən aparıcı neft şirkətlərini Azərbaycan neftinin istehsalına cəlb etdi.

Sonrakı illərdə yavaş-yavaş iqtisadi və siyasi sabitlik yaranmağa başladı. Artıq küçələrdəki silahlı adamlar da gözdən itdi. Ölkə bir neçə ilin içində sabit inkişaf yoluna çıxa bildi.

H.Əliyevin haqqa yürüməsinin ardından Prezident İlham Əliyev prosesi eyni uğur və bacarıqla idarə edərək bənzər layihələrin sayını artırdı. Artıq Azərbaycan çox qısa müddət içində dünya yatırımları üçün cəlbedici bir ölkəyə çevrildi. Bu da səbəbsiz deyildi. Çünki həm iqtisadi, həm də siyasi sabitlik xarici yatırımçılara təminat verirdi ki, gəlib burada rahat işləyə bilsinlər.

Ən sonda isə Azərbaycan bütün bu iqtisadi və siyasi yatırımlar hesabına işğal altındakı torpaqlarını məhz öz gücünə azad etmək üçün hərəkətə keçdi və cəmi 44 günə 30 ilə yaxın Ermənistanın işğalı altında qalan vətən torpaqları öz sahibinə qovuşdu.

İndi Azərbaycan dünyanın ən sayılıb-seçilən dövlətlərindən biridir. Buna nail olunması üçünsə hələ 1994-cü ildə H.Əliyev bütün çətinlikləri bir kənara atıb əsrin kontraktını əldə edə bilmişdi…

İndi də qardaş Qırğızıstan çox uzun illər sonra bənzər taktikaya könül verib. Çox uyğun, uğurlu və gərəkli addımlardır. Yalnız bir məsələ var ki, qırğız qardaşlarımız bir müddət səbrli davranmalı olacaqlar. Demokratiya, insan haqları, siyasi hüquqlar, ifadə azadlığı, əlbəttə, yaxşı dəyərlərdir. Şükürlər olsun ki, Qırğızıstanda da bu sahədə ciddi problemlər müşahidə edilmir. Lakin ənənəvi su bulandıran mərkəzlər yenə də boş dayanmaya bilər. Necə ki, onlar on illərdir ölkəni qarışdıraraq inkişafını əngəlləyib, bundan sonra da belə cəhdlər ola bilər. O baxımdan Qırğızıstan vətəndaşı düşünməlidir ki, bir müddət səbr edib ölkənin normal iqtisadi inkişaf yoluna çıxmasını gözləmək lazımdır. Necə ki, biz azərbaycanlılar bunu etdik və çox möhtəşəm nəticələrinə vardıq, heç şübhəsiz qardaş Qırğızıstan xalqı da bu məsələdə o böyük uğuru yaxalayacaq. Biz buna inanırıq, ümid edirik, ən əsası isə, bunu çox istəyirik.

Mission News Theme by Compete Themes.