Son yeniləmə: 6 Aprel 2022 13:49
Bayraqdar.info – İranda Ramazan ayı boyunca ictimai yerdə yemək yeyənlər bir qutu duz yeməli, ölü yumalı və qəbir qazmalıdır.
Ramazan ayının başlanması ilə İran mediası ölkənin baş prokurorunun Baş Polis İdarəsinə ictimai yerlərdə yemək yeyib su içənlərlə mübarizə ilə bağlı xüsusi tapşırıq verməsi haqda xəbər yayıb.
“Azad İran” Telegram kanalı xəbər verir ki, sözügedən göstərişin verilməsindən sonra İranın müxtəlif şəhərlərində polis və Ticarət Məkanları İdarəsi elan edib ki, ya onların özləri, ya da İş Adamları Palatası (اتاق اصناف) gizli patrul-nəzarətçiləri vasitəsilə Ramazan ayının qaydalarını pozanlara qarşı qanuni tədbirlər görəcəklər.
Rəsmi məlumatlara əsasən, Ramazan ayının başlanmasından bəri keçən cəmi 5 gündə azı iki vilayətdə – Lorestan və Qərbi Azərbaycan əyalətlərində 14 mağaza bağlanıb və üç şəxs həbs edilib.
Bir çox şəxslər sosial şəbəkələrdə Ramazan ayında hökumətə bağlı “Bəsic” qüvvələri tərəfindən həbs edilmələri, nağd pul və şallaq cəzası almaları və işgəncələrə məruz qalmaları ilə bağlı öz təcrübələrini paylaşıblar.
İranın baş prokuroru Məhəmmədcəfər Müntəzəri Baş Polis İdarəsinə göndərdiyi göstərişdə qeyd edib ki, hətta şəxsi avtomobildə belə yemək yeyib su içmək qadağandır və bunu edənlərə qarşı qanuni tədbirlər görüləcək.
Qeyd edək ki, İranda Ramazan ayı boyunca ictimai yerlərdə yemək yeyib su içmək İslam rejiminin qaydalarına görə qadağandır. Bu qaydanı pozanlar bir qutu duz yemək, ölü yumaq, qəbir qazmaq, nağd pul və şallaq cəzası almaq kimi sərt tədbirlərlə cəzalandırılırlar.