Son yeniləmə: 6 Aprel 2022 15:41
Bayraqdar.info – Varşavanın Lajenki Kral Muzeyində Azərbaycan və Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş sərginin açılışı olub. Tədbirdə Polşa Seyminin və Senatının üzvləri, Polşa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri və müavinləri, Polşa hökuməti, akademik, incəsənət və biznes dairələrin nümayəndələri, Polşanın müftisi və dini icmaların üzvləri iştirak ediblər.
Bu barədə bayraqdar.info-ya aprelin 6-da Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, sərgidə təqdim olunan tarixi fotoşəkillər və materiallar Azərbaycan Dövlət İnformasiya Agentliyi, Azərbaycan Milli Arxiv İdarəsi və Varşavadakı Tarix Görüş Evinin dəstəyi ilə toplanıb. Görkəmli Azərbaycan memarı, professor Elçin Əliyev və Polşa Fotoqrafları FORUM Agentliyinin üzvü Kşiştof Voyçik sərginin baş tutmasına önəmli töhfə veriblər.
Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova cari ildə 4 mühüm yubileyin qeyd olunduğunu bildirib. Səfir 2022-ci ilin xalqlarımız arasında münasibətlərin 550 illiyi, diplomatik münasibətlərin 30 illiyi və strateji tərəfdaşlığın 5 illiyi, habelə Papa II İoan Pavelin Azərbaycana apostolik səfərinin 20-ci ildönümü ilə xarakterik olduğunu diqqətə çatdırıb.
Səfir vurğulayıb ki, Şərqlə Qərbin qovuşduğu yer olan Azərbaycan çoxsaylı mədəniyyətlərin Vətənidir. Diplomat Azərbaycanın 200 illik polyak irsinə ev sahibliyi etdiyini xatırladaraq qeyd edib ki, XX əsrin əvvəllərində polyaklar Azərbaycanda memar və hüquqşünas, mühəndis və ziyalı, müəllim və hərbi qulluqçu, biznesmen və dövlət xadimi kimi fərqləniblər: “Onlar Şərqdə və türk dünyasında ilk dünyəvi parlamentli demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında yaxından iştirak ediblər. Polyak vətəndaşlarımız demək olar ki, bütün hökumət strukturlarında, parlamentdə və məhkəmə sistemində təmsil olunaraq ümumi vətənimiz olan Azərbaycanın maraqları üçün səylərini əsirgəməyiblər”.
N.Qurbanova çıxışında onu da bildirib ki, 1 ay müddətində Varşavanın ən prestijli məkanlarından olan Kral Lazienki parkında sərgilənəcək tarixi fotoşəkil və materiallar ölkəmizdəki 200 illik polyak mirasının Polşa ictimaiyyətinə təqdim olunmasına imkan yaradır. Cari il mayın 27-dən etibarən “LOT” Polşa çilli aviaşirkətinin həftədə 4 dəfə olmaqla, Bakıya birbaşa uçuş həyata keçirəcəyini xatırladan səfir birbaşa hava əlaqəsinin polşalı dostlarımız üçün təkcə Azərbaycana səyahət imkanı yaratmadığını, eyni zamanda, ölkəmizdəki rəngarəng polyak irsdən zövq almaq fürsəti yaratdığını bildirib.
Professor Elçin Əliyev çıxış edərək polyak memarların Azərbaycandakı yaradıcılıq fəaliyyəti və möhtəşəm əsərləri haqqında iştirakçılara məlumat verib. O, qonaqları polyak irsini yerində görmək üçün Bakıya dəvət edib.
Açılışda Lajenki Kral Muzeyinin direktoru Zbiqnev Vaver və Kşıştof Voyçik da çıxış edərək sərgi ilə bağlı təəssüratlarını bölüşüb və mövzunun əhəmiyyətini vurğulayıblar. Polyak xalqının Azərbaycanın mədəni, intellektual, akademik və iqtisadi müxtəlifliyinə verdiyi dəyərli töhfələr fonunda bu qəbildən layihələrin xalqlarımız arasında çoxəsrlik dostluğun və ölkələrimiz arasındakı strateji tərəfdaşlığın ruhuna uyğun işlərə zəmin hazırladığı qeyd olunub.
Tədbir tarixi fotoşəkil və materialların sərgisi, həmçinin məşhur Azərbaycanlı bəstəkarlar Xəyyam Mirzəzadə və Zakir Bağırovun arfa üçün musiqi əsərlərindən ibarət konsert proqramı ilə davam edib.