Son yeniləmə: 6 Aprel 2022 14:26
Yeganə Hacıyeva: Bu mitinqlərin keçirilməsi sifarişinin Nikol Paşinyan hakimiyyətindən gəldiyi kimsədə şübhə doğurmur
Bayraqdar.info – “Brüssel görüşü öncəsi Ermənistanda mitinqlərin keçirilməsi heç də təsadüfi və təəccüblü deyil. O mənada ki, artıq Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü ərəfəsində bu ölkədə bu cür mitinqlərin keçirilməsi bir növ ənənəyə çevrilib. Biz eyni halı keçən ilin noyabrında Soçi, dekabrında isə Brüssel görüşü ərəfəsində də müşahidə etdik”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənsitanın Baş naziri Nikol Paşinyan arasında aprelin 6-da Brüsseldə keçiriləcək görüş ərəfəsində Ermənistanda cərəyan edən prosesləri, etiraz mitinqlərini dəyərləndirən politoloq hesab edir ki, əslində, bu bir siyasi şou, siyasi tamaşadır: “Bu mitinqlərin keçirilməsi sifarişinin Nikol Paşinyan hakimiyyətindən gəldiyi kimsədə şübhə doğurmur. 2020-ci ilin 44 günlük müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan noyabrın 10-da təslimçilik aktına imza atdı. Lakin aradan il yarım keçməsinə baxmayaraq rəsmi Yerevan üzərinə götürdüyü bəzi öhdəlikləri yerinə yetirmək istəmir. Təbii ki, regionda yeni bir müharibənin olmasını istəməyən bir sıra beynəlxalq təşkilatlar və xarici ölkələr də Ermənistanın tezliklə bu öhdəlikləri yerinə yetirməsini istəyirlər. Bunu görən N.Paşinyan isə daxildə bu cür sifarişli mitinqlər, siyasi tamaşalar təşkil etməklə yenə də müəyyən vaxt qazanmaq, öhdəliklərin icrasından yayınmaq istəyir”.
Y.Hacıyevanın sözlərinə görə, bütün bunlar əbəsdir: “Çünki artıq dünya hər şeyi bilir. N.Paşınyan “erməni cəmiyyəti etiraz edir” imitasiyası ilə nəyəsə nail olacağını düşünürsə, yanılır. Bu cür addımlar nə Ermənistana, nə də onun hakimiyyətinə yaxşı heç nə vəd etmir. Bu gün siyasi şoularla baş qatdığını düşünən N.Paşinyan anlamalıdır ki, bərbad durumda olan Ermənistan üçün indi hər dəqiqə qızıldan da qiymətlidir. Şoularla qazanılan o vaxt isə, əslində, Ermənistan dövlətini birdəfəlik məhv olmağa daha da yaxınlaşıdırır. Azərbaycanın Vətən müharibəsindəki qələbədən sonra yeni reallıqlar yaranıb. Ermənistan bir dövlət kimi varlığını qorumaq istəyirsə, bir an öncə ağıllı addım atmalı, 10 noyabr Bəyanatının bu günə kimi yerinə yetirilməyən bəndlərini yerinə yetirməlidir. Əks halda onlar bilməlidirlər ki, Azərbaycanın səbri tükənməz deyil”.