Press "Enter" to skip to content

Bakıda “Run for Art” beynəlxalq fotosərgisi

“Run for Art” fotosərgisi

Son yeniləmə: 6 Aprel 2022 13:38

Bayraqdar.info – Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Run for Art” beynəlxalq fotomüsabiqəsinin finalçılarının sərgisi açılıb.

Bayraqdar.info Mərkəzə istinadla xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun Baş katibi Azər Əliyev, mədəniyyət naziri Anar Kərimov və İtaliya MOK-un vitse-prezidenti, “Culio Onesti” Fondunun İdarə Heyətinin üzvü, xizəksürmə üzrə keçmiş Olimpiya çempionu Klaudia Cordani iştirak ediblər.

“Müsabiqə haqqında məlumat verən Klaudia Cordani bildirib ki, “Run For Art” gənc fotoqraflar üçün “Culio Onesti” Fondu tərəfindən hazırlanmış beynəlxalq fotomüsabiqədir. Müsabiqənin məqsədi bədii forma olan fotonun yaradıcı enerjisini və idmanın əzmini, yəni incəsənət və idmanı birləşdirməkdir.

“Müsabiqə 18-35 yaşarası, dünyanın istənilən ölkəsindən qatıla biləcək həvəskar və peşəkar fotoqraflar üçün nəzərdə tutulub. Hər müsabiqə üçün 5 fərqli aspektə görə, fərqli mövzu təklif edilir: kateqoriyaların sayı simvolik olaraq 5 Olimpiya halqasını ifadə edir. İdmanda etika, müxtəliflik və inkluzivlik kimi mövzular idman və foto kimi universal vasitələrin köməyi ilə araşdırılır. Müsabiqənin final mərhələsinə daxil olan 5 kateqoriyanın hər birində, ümumilikdə 40 fotoşəkil üçün, idman yarışında olduğu kimi 8 finalçı seçilir. Fotoşəkillər incəsənət, idman və medianı təmsil edən beynəlxalq münsiflər tərəfindən qiymətləndirilir.

“MOK vitse-prezidenti Ç.Hüseynzadə Mədəniyyət Nazirliyinə tədbiri beynəlxalq səviyyədə təşkil etdiyi üçün təşəkkür edib. Azərbaycan milli olimpiya komitəsinin 30 il bundan əvvəl yarandığını deyən Ç.Hüseynzadə bildirib ki, bu illər ərzində ölkəmizdə güclü olimpiya hərəkatı yaranıb: “Olimpiya tək idman deyil, həm də idmanın təbliğatı deməkdir. Burada təhsil və incəsənət xüsusi yer tutur”. O, müsabiqədə qalib gələn iştirakçıları təbrik edib: “Çox şadam ki, qaliblər arasında azərbaycanlı fotoqraflar da var. Sevinirəm ki, xarici ölkələri təmsil edən finalçılar uzaq məsafə qət edib mükafatlandırma mərasimində iştirak edirlər”.

“Mədəniyyət naziri A.Kərimov MOK-un 30 il ərzində çox uğurlu, şərəfli yol keçdiyini vurğulayıb. Azərbaycan MOK-un yaradılması Ulu Öndərimizin adı ilə bağlıdır. Prezident İlham Əliyev də bu prinsipləri davam etdirir. Komitənın səyləri nəticəsində idmançılarımız Azərbaycan bayrağını yüksəkliklərə qaldırıb və Azərbaycanı idman ölkəsi kimi tanıdıblar.

“Azərbaycan idmançılarının mötəbər idman tədbirlərində iştirak etdiyini deyən nazir bildirib ki, Komitənin fəaliyyəti nəticəsində idman növləri inkişaf etdirilib, idmançıların beynəlxalq yarışmalarda qazandığı qələbələr yeni nəsildə idmana maraq oyadıb.

“İdmanla mədəniyyətin bir-birlərini tamamladığını söyləyən nazir deyib ki, idman ruhu möhkəmləndirir, mədəniyyət vasitəsilə də mədəni ruh güclənir. Sonra qaliblərə hədiyyə və sertifikatlar təqdim olunub. Tədbir bədii hissə ilə davam edib”. Mərkəzin xəbərində belə deyilir.

Mission News Theme by Compete Themes.