Press "Enter" to skip to content

Azərbaycan-İtaliya Beynəlxalq Rinoloji Konqresi

Son yeniləmə: 6 Aprel 2022 16:43

Bayraqdar.info – Aprelin 6-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında I Azərbaycan-İtaliya Beynəlxalq Rinoloji Konqresinin açılış mərasimi baş tutub.

Bu barədə bayraqdar.info-ya ATU-nun mətbuat xidmətindən məlumat verilib.

Bilidirilib ki, konqresin fəxri prezidenti, ATU-nun rektoru, professor Gəray Gəraybəyli tədbirdə açılış nitqi ilə çıxış edib. Rektor qeyd edib ki, ATU-da İtaliya Rinoloji Cəmiyyətinin təşəbbüsü ilə təşkil olunmuş bu konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyində də akkreditasiya olunub:“İki gün davam edəcək bu konqresdə müxtəlif təşkilatlardan olan mütəxəssislər rinologiya sahəsi ilə bağlı məruzələr və təqdimatlarla çıxış edəcəklər. Həmçinin “Yuxuda nəfəs dayanmaları” adlı təlim kursunun canlı cərrahiyyə əməliyyatı da nümayiş etdiriləcək. Bu münasibətlə İtaliyanın məşhur rinoloqları, İtaliya Rinoloji Cəmiyyətinin sədri və üzvləri universitetimizə dəvət olunublar”.

Professor G.Gəraybəyli sonra Beynəlxalq Otorinolarinqoloqlar Cəmiyyəti Federasiyasının sabiq prezidenti və İdarə Heyətinin üzvü, İtaliya Rinoloji Cəmiyyətinin fəxri prezidenti, otorinolarinqologiya kafedrasının müdiri, professor Desiderio Passalinin rəhbərliyi ilə İtaliyanın müxtəlif universitet və klinikalarından təşrif gətirmiş qonaqları konqres iştirakçılarına təqdim edib. Onlara konqresdə çıxış və iştiraklarına görə ATU-nun professor-müəllim heyəti adından təşəkkürünü bildirib.

Rektor, həmçinin konqresin 2020-ci ildə keçirilməli olduğunu, amma pandemiya səbəbindən bu gün baş tutduğunu diqqətə çatdırıb. G.Gəraybəyli tədbirin yüksək səviyyədə təşkilinə görə konqresin prezidenti, professor Əzizağa Talışinskiyə minnətdarlığını ifadə edib.

Sonra professor Əzizağa Talışinski çıxış edib. Professor çıxışında bu tədbirin təşkil olunmasında əsas məqsədin rinologiyanın müasir problemlərini müzakirə etməklə yanaşı, hər iki ölkənin rinoloqları arasında məhsuldar dialoq yaratmaqdan ibarət olduğuna diqqət çəkib. O, konqresin elmi proqramının Azərbaycan otorinolarinqoloqları və İtaliya rinoloji cəmiyyətləri tərəfindən birgə təqdim ediləcəyini, rinologiya sahəsində bir sıra mövzuların müzakirə olunacağını bildirib.

Açılış mərasimində həmçinin italiyalı qonaq, professor Desiderio Passali da çıxış edib. Onun sözlərinə görə, 120 ölkənin təmsil olunduğu Beynəlxalq Otorinolarinqoloqlar Cəmiyyəti Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biri xalqlar arasında görüş və müzakirələri inkişaf etdirməkdir: “Bu görüşün digərlərindən fərqli və xüsusilə gənc həmkarlarım üçün faydalı olacağına əminəm. Çünki onlar xəstələrin müalicəsi və sağlamlığı üçün buradan yeni məlumatlar öyrənəcəklər”.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra gündəliyə keçilib. Roma Katolik Universitetinin qulaq, burun, boğaz xəstəlikləri üzrə professoru, İtaliya Rinoloqlar Cəmiyyətinin baş katibi GiulioCesare və ATU-nun otorinolarinqologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Cabbar Cəlilovun sədrliyi ilə məruzəçilərə söz verilib.

Qeyd edək ki, konqresin iki gün davam etməsi nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.