Press "Enter" to skip to content

Azərbaycan buğdanı Hindistandan alacaq – VÜQAR BAYRAMOV

Vüqar Bayramov

Son yeniləmə: 6 Aprel 2022 12:07

Bayraqdar.info – “Azərbaycan indiyə qədər həm Rusiya, həm də Ukrayna ilə ticari əlaqələrə malik idi. Nəzərə alaq ki, Azərbaycan idxalda Rusiyanın böyük tərəfdaşı olub və bu ölkə ilə illik ticarət döviyyəsi 3.1 milyard dollar təşkil edirdi. Eyni zamanda, Azərbaycanın qeyri-neft ixracının 32.3 faizi Rusiyanın payına düşürdü. Ukrayna da Azərbaycanın ticari əlaqələrində mühüm paya malik olan ölkələrdən biri idi. Praktiki olaraq, Azərbaycan idxalında Rusiya, Ukrayna ilk beşliyə daxil olan ölkələrdən olduğu üçün bu baxımdan təbii ki, Rusiyaya qarşı sanksiyalar, eyni zamanda Ukraynanın müharibə nəticısində istehsal və ixrac imkanlarının ciddi şəkildə məhdudlaşması Azərbaycanın hər iki ölkə ilə əlaqələrinə təsir göstərir. Təbii ki, növbəti mərhələdə də təsir göstərəcək”.

Bu sözləri bayraqdar.info-ya Rusiyaya qarşı sanksiyaların və rublun dəyərdən düşməsinin Azərbaycan iqtisadiyyatına təsirləri ilə bağlı açıqlamasında millət vəkiili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların xüsusən də Azərbaycan-Rusiya arasında ticarət dövriyyəsinə təsir edəcəyi gözlənilir. Əgər sanksiyalar il ərzində davam edərsə, bu, iki ölkə arasında ticarət dövriyyəsinin azalmasına gətirib çıxara bilər.

“Eyni zamanda, nəzərə alsaq ki, Azərbaycan bir sıra strateji məhsulları, eləcə də buğdanı Rusiyadan alırdı, həmin məhsulların artıq digər mənbələrdən idxalının həyata keçirilməsi aktuallaşıb. Artıq Hindistanla bu istiqamətdə danışıqlar gedir”, – deyə millət vəkili vurğulayıb.

Deputatın sözlərinə görə, bu ilə qədər Azərbaycan il ərzində 300 milyon dollardan artıq vəsaiti buğdanın Rusiyadan alınması və  idxal edilməsi üçün istifadə edirmiş. Ona görə də Rusiyaya tətbiq edilən sanksiyalar strateji məhsulların idxal və ixrac  mənbələrinin dəyişilməsinə gətirib çıxaracaq.

V.Bayramov onu da bildirir ki, Rusiyada yaşayan azərbaycanlıların da gəlirlərində müəyyən dəyişikliklərin olacağı gözləniləndir: “Bu, Rusiyadan Azərbaycana göndərilən vəsaitin həcminə də təsir göstərəcək. Amma bütövlükdə Azərbaycan hökuməti çalışır ki, bölgədə baş verənlərin Azərbaycan iqtisadiyyatına təsirlərinin minimumlaşdırılması istiqamətində fəaliyyəti davam etdirsin. Nazirlər Kabineti tərəfindən mütəmadi qəbul edilən proqramlar və verilən qərarlar da bu məqsədi daşıyır”.

Xatırladaq ki, Avropa Birliyi üzv ölkələrini Rusiya ilə iqtisadi əlaqələri kəsməyə çağırıb. Buna əsas səbəb Rusiyanın Ukraynanı işğal etməsidir. Avropa əsasən iqtisadi sanksiyalar paketi üzərində işləyir. Sanksiya paketində valyuta konvertasiyasının məhdudlaşdırılması, ixrac nəzarətinin gücləndirilməsi, ixrac və idxalın məhdudlaşdırılması və qadağan olunması, mühüm texnologiyaların əldə edilməsinə məhdudiyyət və s. daxildir.

Rusiyanın SWIFT-dən çıxarılmasının Azərbaycana təsirləri – ÖZƏL

Mission News Theme by Compete Themes.