Press "Enter" to skip to content

Tarixi zərurətdən doğan birlik

Telman Nüsrətoğlu

Son yeniləmə: 5 Aprel 2022 17:16

Telman Nüsrətoğlu: Türkiyə-Özbəkistan münasibətlərinin yeni müstəviyə daxil olması bütün türk dünyasının birliyi baxımından önəmlidir

Bayraqdar.info – “Heç şübhəsiz ki, hazırda dünyada, regionumuzda, o cümlədən türk dünyasında çox ciddi proseslər cərəyan edir. Artıq köhnə dünya yoxdur. Rusiya-Ukrayna müharibəsi bunun simptomlarından biri kimi daha açıq şəkildə ortaya çıxıb. Beynəlxalq münasibətlər sistemində dərin bir böhran yaşanır. Biz beynəlxalq hüquq yerinə güc amilinin ön plana çıxdığını görürük. Bura Rusiyanın keçmiş SSRİ məkanı ilə bağlı bir ekspansionist siyasətinin olduğunu, həmçinin, Çinin bir milyard yarımlıq əhalisi və güclü iqtisadiyyatı ilə yüksələn bir güc olaraq ortaya çıxdığını da əlavə etsək, o zaman bu, türk dünyasının daha sıx inteqrasiyasını, türk birliyinin güclənməsini daha da aktuallaşdırır”.

Bunu Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Özbəkistana səfərini bayraqdar.info üçün dəyərləndirən Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Dr. Telman Nüsrətoğlu deyib.

Özbəkistanla Türkiyə arasında 10 mühüm sənəd

“Türkiyə-Özbəkistan əməkdaşlığının genişlənməsi türk dünyasının inteqrasiyası və inkişafı baxımından hansı əhəmiyyəti kəsb edir” sualını cavablandıran T.Nüsrətoğlu öncə onu deyib ki, xüsusilə də Avropanın son vaxtlar Rusiyadan qaz asılılığını azaltmaq üçün yeni arayışlara başlaması türk dünyasının önəmini daha da artırır: “Türkmənistan, Qazaxıstan və Azərbaycanın zəngin neft, qaz yataqlarına malik olması, Doğu Akdenizdən çıxacaq qazın Türkiyə üzərindən Avropaya nəqli məsələsi türk dünyasının Avropa üçün önəmini daha da artırır. Bura Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra regionda yaranan yeni reallıqları da əlavə etməliyik”.

Özbəkistan-Türkiyə əməkdaşlığının önəmi

Müsahibimiz qeyd edib ki, belə bir məqamda təbii ki, Orta Asiya türk respublikalarının önəmi, strateji mövqeyi daha da ön plana çıxır: “Bilirik ki, Özbəkistan tarixi missiyası, etibarı, möhtəşəm gücü ilə Orta Asiyanın əsas dövlətlərindən biridir. Bu mənada Türkiyə-Özbəkistan münasibətlərinin yeni bir müstəviyə daxil olması bütün türk dünyasının güc və birliyi baxımından önəmlidir. Cənab Recep Tayyip Erdoğanın Daşkənd hava limanında necə möhtəşəm qarşılanması, 2010-cu ildə imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”sinə bənzər bir anlaşmanın da bu səfər zamanı Türkiyə ilə Özbəkistan arasında imzalanması, burada xüsusilə hərbi əməkdaşlığın ön plana çıxarılması bütün mənzərəni ortaya qoyur. Yəni bütün bunlar Özbəkistan-Türkiyə qardaşlığının da Türkiyə-Azərbaycan qardaşlığına bənzər bir şəkildə inkişaf edəcəyindən xəbər verən çox önəmli nüansdır. Bunları qeyd etməklə onu da vurğulamaq istəyirəm ki, tarixi zərurətdən doğan türk birliyi – Türk Dövlətləri Təşkilatının güclənməsi heç bir dövlətə və xalqa qarşı hər hansı təhlükə törətmir. Bu, sadəcə türk dünyasının maraqlarının və təhlükəsizliyinin təmin olunması üçün atılması vacib olan bir addımdır. Bir sözlə, Türkiyə-Özbəkistan münasibətlərinin daha da dərinləşməsi ümumilikdə türk dünyası üçün mühüm gələcək vəd edir. Ümid edirəm ki, Türkiyə-Azərbaycan, Türkiyə-Özbəkistan modeli genişlənərək yeri gələndə bütün türk dünyasının tək millət kimi hərəkət etməsinə də təkan verəcək”.

Mission News Theme by Compete Themes.