Press "Enter" to skip to content

Baş Prokurorluq gömrük əməkdaşları barəsindəki hökmdən protest verib

Baş Prokurorluq

Son yeniləmə: 5 Aprel 2022 12:51

Bayraqdar.info – “Bəzi media səhifələrində Dövlət Gömrük Komitəsinin (DGK) vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvət almaqda təqsirləndirilən sabiq əməkdaşlarına Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yüngül cəza və ya bəraət verilməsi ilə bağlı informasiyalar yayılıb”.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektorları Elmar Mirzəyev, Orxan Zöhrabov, Emin Xəlilov və Azər Baxşıyev, həmin şöbənin inspektorları Sadiq İsgəndərov və Rəfael Əzizov barəsində cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilib.

“Bundan başqa, «İpək Yolu» gömrük postunun inspektoru Mirağa Ağayev və «Global Broker» MMC-nin direktoru olmaqla «D2D Logistics» MMC-də gömrük işləri üzrə mütəxəssis Ceyhun Şabanov barəsində də cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

“Adıçəkilən şəxslər barəsində Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2 və digər maddələri ilə cinayət işinin başlanmsaına səbəb ölkə ərazisinə idxal olunmuş malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi ilə bağlı prosedurların sürətli icra edilməsi və malların gömrükdən buraxılması üçün rüşət almalarıdır. Cinayət işinin istintaqını Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb.

“Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2022-ci il tarixli hökmü ilə Elmar Mirzəyevə 5 il, Sadiq İsgəndərov, Rəfael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev və Ceyhun Şabanova 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Orxan Zöhrabova təyin edilmiş 4 il azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş və 1 il sınaq müddəti təyin olunub, Mirağa Ağayevə isə bəraət verilib.

“2022-ci il aprelin 5-də dövlət ittihamçısı tərəfindən həmin hökmdən iş üçün əhəmiyyət kəsb edən faktiki halların nəzərə alınmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması əsasları ilə apellyasiya protesti verilib”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.