Son yeniləmə: 5 Aprel 2022 14:20
Bayraqdar.info – Son günlər meşə fondu ərazilərində və digər yaşıllıq sahələrində yanğın hadisələri qeydə alınır ki, bunların da əksəriyyəti insanların ehtiyatsızlığından irəli gəlir. Havaların istiləşməsi, küləkli hava şəraitinin üstünlük təşkil etməsi isə meşə yanğınlarının baş vermə təhlükəsini artırır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, bu sözləri nazir müavini Firdovsi Əliyev deyib: “Son günlər Qəbələ və Oğuz rayonlarının meşə ərazilərində, eləcə də vətəndaşların pay torpaqlarında və örüş sahələrində baş verən yanğın hadisələri bunun bir göstəricisidir”.
Nazir müavini yanğın hadisələrinin baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarları, fermerləri, meşə ətrafında yaşayan kənd sakinlərini, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşları odla ehtiyatlı davranmağa çağırıb. O yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, biçindən sonra sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğına şərait yaradan bütün hallara qarşı birgə mübarizəyə səsləyib.