Press "Enter" to skip to content

İstiqlal Muzeyində Aprel döyüşlərinin altıncı ildönümü

Aprel döyüşləri ilə bağlı tədbir

Son yeniləmə: 5 Aprel 2022 16:25

Bayraqdar.info – Aprelin 5-də Azərbaycan İstiqlal Muzeyində möhtəşəm Zəfərin başlanğıcı olan Aprel döyüşlərinə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir-sərgi keçirilib.

 Muzeydən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, sərgidə Aprel döyüşləri zamanı Vətənin azadlığı uğurunda qəhrəmancasına şəhid olan – Milli Qəhrəman mayor Samid İmanov, polkovnik-leytenant Raquf Orucov, baş leytenant Elnur İsgəndərov, gizir Orxan Müstəcəbov, Pəncəli Teymurov, Elimdar Səfərov, Şahin Cavadzadə, kiçik gizir Seymur Baxışov, əsgər Fəraim Novruzov, Fəxrəddin Qurbanlı, Əbdülməcid Axundov və Müşfiq Orucovun həyat və döyüş yollarını özündə əks etdirən, muzeyin fondlarında qorunub saxlanılan 200-dən çox müxtəlif şəxsi əşyalar, sənədlər və fotoşəkillər nümayiş olunur.

“Sərginin açılışından öncə çıxış edənlər bildiriblər ki, Aprel döyüşləri, daha sonra 44 günlük Vətən müharibəsi həqiqətən də Azərbaycan Ordusunun və xalqının qəhrəmanlığını dünyaya sübut etdi. Əldə olunan möhtəşəm Zəfər Ali Baş Komandanın “Dəmir yumruğ”unun ətrafında sıx birləşən xalqımızın həmrəyliyi, Azərbaycan Ordusunun məğlubedilməzliyi sayəsində mümkün oldu.

“Ötən ilin oktyabrından etibarən vətənpərvərliyin təbliği və Azərbaycan İstiqlal Muzeyinin, eləcə də yeni yaradılacaq Zəfər Muzeyinin Fondunun zənginləşdirilməsi məqsədilə həyata keçirilən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində10 tədbir-sərgi keçirilib. Azərbaycan hərb tarixinin qəhrəmanlıq səhifəsi olan Aprel döyüşlərinin 6-cı ildönümünə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir-sərgi bu layihənin davamı olaraq reallaşıb.

“Qeyd edilib ki, torpaqlar uğrunda canını fəda edən qəhrəman şəhidlərin xatirəsi xalqın qəlbində əbədi yaşayacaq və onlar daim qürur hissi ilə yad olunacaq. Sərgi aprelin 12-nə qədər davam edəcək”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.