Press "Enter" to skip to content

Hazırda Azərbaycanda 3 min 700 nəfər böyrək əvəzedici terapiya alır

Nefroloq Fariz Babayev

Son yeniləmə: 5 Aprel 2022 10:30

Bayraqdar.info – Böyrəklər – insanda vacib orqanlardan biridir. Bədənimizdəki hər orqanda olduğu kimi böyrəklərin də bəzi xəstəliklərə tutulma riskləri var. İndiki vaxtda məlum olan bir neçə böyrək xəstəliyi var:

Nefrit: nefronların iltihablaşması nəticəsində yaranan bir xəstəlikdir. Bu xəstəlik böyrək çatışmazlığının meydana gəlməsində ən başlıca səbəblərdən biridir.

Böyrək daşları: sidik yollarında yaranan iltihab nəticəsində, əgər bir tıxanma olarsa, buradakı maddələr çökərək bədəndə böyrək daşlarını meydana gətirir. Bunun nəticəsində böyrək daşları, böyrəkdə ciddi mənada şiddətli ağrı və qanamalara səbəb olur. Bəzən bu xəstəlikdə sidiyin qanlı çıxdığı da müşahidə olunur.

Böyrək Xərçəngi: Böyrək xərçəngində orta yaş həddi və uşaq şişi olmaqla, iki cür şiş vardır. Orta yaş şişinə “renal hüceyrəli karsinoma” deyilir. Uşaq şişinə isə “vilms şişi” deyilir. Bu iki şişin əlaməti isə, sidiyin qanlı olması və qarındakı sancılı ağrılardır. Əgər şiş erkən diaqnoz edilsə müalicə şansı yüksəkdir.

Böyrək çatışmazlığı: Xroniki böyrək çatışmazlığı böyrəklərin tam olaraq, vəzifəsini yerinə yetirməməsi nəticəsində ortaya çıxır. Bu xəstəliyin olub olmadığını, qanımızdakı qreatini və sidiyi analiz etməklə öyrənmək mümkündür.

Böyrək xəstəliklərinin əlamətləri nələrdir? Özünü necə biruzə verir?

Bu dəfə böyrək xəstəlikləri barədə bayraqdar.info-nun əməkdaşı mütəxəssis-eksperti, nefroloq Fariz Babayevlə həmsöhbət olub.

“Yuxarıda qeyd etdiyimiz böyrək xəstəliklərinin əlamətləri, digər xəstəliklər kimi özünü tez biruzə vermir. Böyrək xəstəliklərinin ümumi əlamətləri isə tez-tez sidiyəçıxma, nəfəs darlığı, qarın nahiyəsində davamlı ağrı, sidiyin qanlı gəlməsi, davamlı bulanma halı, sidiyə çıxa bilməmək, ayaq və əllərdə şişmədir.

“Əgər böyrək xəstəliyindən şübhələnirsinizsə, sidik analizi verərək, bu şübhələrdən xilas ola bilərsiniz. 6 aylıq proseslərdə aparılacaq sidik analizləri böyrək xəstəliklərinin erkən diaqnozunda çox əhəmiyyətlidir. Bu zaman müalicə edilmə ehtimalı daha yüksəkdir.

“Böyrək xəstəliklərindən xilas olmaq üçün şəfalı bitkilərin faydası böyükdür. Şəfalı bitkilərdən istifadə öncəsi həkiminizlə məsləhətləşərək, təsdiqlədiyi təqdirdə əlavə bir müalicə üsulu kimi qəbul edə bilərsiniz”, – deyə həkim-nefroloq bildirib.

Onun sözlərinə görə, böyrək xəstəlikləri zamanı istifadə edə biləcəyiniz şəfalı bitkilər bunlardır;

•Badam: Böyrək və sidik kisəsi yolundakı iltihabları aradan qaldırmağa kömək olur. Ayrıca böyrəkdə yaranan ağrıları da götürür.

•Paxla: Sidik yollarını təmizləyərək, böyrək ağrılarını sakitləşdirir. Böyrəkdə yaranan qum və daşları da salmağa kömək edir.

•Çiyələk: Sidik yollarını təmizləməyə çox kömək olur.

•Gicitkan: Böyrək ağrılarını aradan calidrid, sidik yollarını da təmizləyir.

•Cəfəri: Böyrəkləri işlədir və sidiyə çıxmanı asanlaşdırır.

• Turp: Böyrəklərdə olan mikrobları öldürərək , böyrəkdə olan daş və qumların tökülməsinə kömək edir.

• Üzüm: Böyrək qumları və daşlarının salınmasına kömək olur. Bu tərəvəzləri ayrıca qaynadaraq, gündə 1 stəkan suyunu içmək də çox faydalıdır.

Böyrək ağrısı

 Həkimin bildirdiyinə görə, böyrəklərin xroniki xəstəliklərinin yaranma səbəbləri aşağıdakılardır:

• Qlomerulonefrit (böyrək glomeruli (glomerulus) zədələnməsi ilə xarakterizə olunan böyrək xəstəliyi) – 26-28,, şəkərli diabet – 23-27, arterial hipertoniya xəstəliyi (sistolik qan təzyiqinin artması sindromu) – 15-16, xroniki pielonefrit (süst gedişli,arabir kəskinləşmə verən böyrək parenximasının və böyrək ləyəninin bakterial iltihabi xəstəliyi) – 13-15, Polikistoz xəstəliyi (yumurtalıq funksiyasının pozulması ilə müşayiət olunan poliendokrin sindrom) – 4-6, uroloji səbəblər – 4-5, digər səbəblər – 2-3 faiz təşkil edir.

Mütəxəssisin sözlərinə görə, Azərbaycanda xroniki böyrək xəstəliklərinin statistikası bir milyon əhaliyə nəzərən hesablanır. İnkişaf etmiş ölkələrdən – Yaponiya, Almaniya kimi ölkələrdə bir milyon əhaliyə 1 min – 1 min 200, hətta 1 min 800 böyrək çatışmazlığı olan xəstə düşür.

“Azərbaycanda isə bu rəqəm 700-800 nəfər civarındadır. Onlardan 40-45 faizi (təxminən 3 min 700 xəstə) BXX səbəbindən hazırda aktiv formada böyrək əvəzedici terapiyanın (BƏT) bir növü olan proqram hemodializ müalicəsi qəbul edir.

“Həmin xəstələr vaxtında həkimə müraciət edərək narahatlıqlarının qarşısını ala bilərlər. Xroniki xəstələr mütəmadi həkim nəzarəti altında qalırlar. Qeyd edim ki, Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 43 hemodializ mərkəzi 800 “süni böyrək” cihazı ilə təchiz olunub. Xəstələrə 256 həkim-nefroloq və 458 tibb bacısı xidmət göstərir”, -deyə həkim bildirir.

F.Babayevin sözlərinə görə, xroniki böyrək xəstəliyinin subyektiv və obyektiv əlamətləri var. Subyektiv simptomlara daxildir: ümumi zəiflik, halsızlıq, iştahasızlıq, yuxunun pozulması, dəri qaşınması, sidiyin miqdarının azalması, aşağı ətraflarda ödemlər, ürəkbulanma, qusma, əzələ qıcolmaları, oynaqlarda ağrı, periodik olaraq arterial təzyiqin artması və s.

Obyektiv simptomlara daxildir: anamnez, instrumental, laborator müayinələrin nəticələrinə əsasən qanda kreatininin, sidik cövhəri, qalıq azotu, sidik turşusunun səviyyəsinin artması, elektrolit (K, Na, Ca, F) və turşu-qələvi balansının pozulması, anemiyanın yaranması halları aşkar edilir.

Nefroloq bildirir ki, böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır. Anadangəlmə böyrək qüsurları, böyrəklərin iltihabi xəstəlikləri, immun xəstəlikləri, hər hansı maddələrlə zəhərlənmələr, anadangəlmə uroloji patologiya, böyrək daşı xəstəliyinin müalicəsinin uzun müddət düzgün aparılmaması və s. böyrək çatışmazlığına səbəb olan amillərdir. Ona görə də hansısa böyrək xəstəliyi olan xəstə hətta böyrək çatışmazlığı olmazsa belə, ildə heç olmasa 2 dəfə yoxlanılmalıdır.

“Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların qarşını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur. Böyrəklərin xroniki xəstəliyinin ilkin mərhələlərində konservativ müalicə təyin edilir. BXX aşkar olunan xəstələrdə ürək-damar çatışmazlığı, beyin qan-dövranı pozulmaları (ensefalopatiya), mədə-bağırsaq pozulmaları və intoksiaksiya halları yaranır. Eyni zamanda, bütün xəstələrdə qanda kreatininin səviyyəsi yüksək qeyd olunur. Şəkərli diabeti olan BXX-li xəstələrdə qanda kreatinin səviyyəsi 5 mg/dl, digər xəstələrdə isə 6 mg/dl-dən yüksək olduğu halda böyrək əvəzedici terapiya müalicə növü seçilir”, – deyə həkim-mütəxəssis bildirir.

Mission News Theme by Compete Themes.