Son yeniləmə: 5 Aprel 2022 11:26
Bayraqdar.info – Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında tarixi uğura imza atan yunan – Roma güləşi üzrə millimiz Vətənə qayıdıb. Azərbaycan Güləş Federasiyasından bayraqdar.info-ya bildirilib ki, komanda hesabında Avropa çempionu olan yığma komanda 2 qızıl, 1 gümüş və 5 bürünc medalla dönüblər. Onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Federasiyanın, eləcə də Gənclər və İdman Nazirliyinin rəsmiləri, məşqçilər və idmançılar qarşılayıb.
“Baş məşqçi Aleksandr Tarakanovun yarış təəssüratları belə olub:
“İlk dəfə komanda hesabında Avropa çempionu olduq. Bunda həm güləşçilərin, həm məşqçilərin, həm də federasiya rəhbərliyinin əməyi var. Bu, bizim ümumi qələbəmizdir. Hamımız bu nəticəyə görə sevinirik. Bizə dəstək verən, bizim üçün həyəcan keçirən hər kəsə təşəkkürümü bildirirəm. Bu dəstək bizim üçün çox vacib idi”.
Daha sonra 3-cü dəfə Avropa çempionu olan Rafiq Hüseynov fikirlərini bildirib:
“Əlbəttə, təəssüratlarım yüksək səviyyədədir. Bu uğura imza atdığım üçün çox sevinirəm. Azərbaycan xalqını və doğmalarımı sevindirdiyim üçün şadam. Həm özümə, həm də komanda yoldaşlarıma görə sevinirəm. Heyətimizin 70 faizi gənc güləşçilərdən ibarətdir. Veteranlar öz sözlərini dedilər. Ancaq gənclər də bizdən geri qalmadı. Sevinirəm ki, güləşimiz əmin əllərdədir. Karyeramızı bitirdikdən sonra gənclər yolumuzu layiqincə davam etdirə biləcəklər. Əlbəttə, komandanın heyəti tam oturuşub. Bilirsiniz ki, qarşıda bizi mötəbər yarışlar gözləyir. Bunlardan da ən önəmlisi komanda yarışı olan Dünya Kubokudur. Bu üzdən bizim üçün heyətin oturuşması lazımdır. Fikrimcə, komanda artıq hazır vəziyyətdədir. Bu nəticələr göstərir ki, cənab Prezidentin səyi nəticəsində federasiyada aparılan islahatlar boşa getməyib. U-23 Avropa çempionatında və bu yarışda sərbəst və yunan-Roma güləşi üzrə millilərimizin qazandığı uğurlar doğru yolda olduğumuzu göstərir. İslahatlar öz sözünü deyir. İdmanda yüksəlişlər olduğu kimi, eniş də olur. Hər şey istədiyin kimi olmur. Nəticə vermişəm, hələ ki, karyeramı davam etdirirəm. Sabah məndən güclü idmançılar olacaqsa, məşqçilik fəaliyyətinə başlayacağam. Rövşən Bayramov və Həsən Əliyev kimi məşqçilərlə birgə millidə gənclərə bilik-bacarığımı çatdıracağam”.
Dörd illik fasilədən sonra ikinci dəfə Avropa çempionu olan Eldəniz Əzizli yarışdakı çıxışını belə dəyərləndirib:
“Yarış bizim üçün yaxşı keçdi. Rafiq güləşin bu növündə ilk 3 qat Avropa çempionumuz oldu. Mən isə yunan-Roma güləşində ən çox AÇ medalı qazanan idmançı oldum. 6-cı dəfə Avropa çempionatında medal qazandım. Rekordlarla dolu bir yarış oldu. Bunun ardını gətirmək lazımdır. Arxayınlaşmaq olmaz. Bizi qarşıda İslam Həmrəyliyi Oyunları və Bakıda keçiriləcək Dünya Kuboku kimi mötəbər yarışlar gözləyir. Gələn il isə Olimpiadaya lisenziya xarakteri daşıyan dünya çempionatı keçiriləcək. Sevindirici haldır ki, artıq komandada gənc idmançılar da sözünü deməyə başlayır. Son 3 ildə yarımfinallarda məğlub olurdum. Bunun hansısa xüsusi səbəbi yox idi. Qismət beləymiş. Allaha həmd olsun, bu il həm yarımfinalda, həm də finalda qalib oldum. Bir şeyi də qeyd edim ki, 23 illik karyeram boyunca gümüş medalım olmayıb. Ya çempion olmuşam, ya da bürünc medal qazanmışam. Bu ənənə davam edir”.
Sonda Avropa çempionatını gümüş medalla başa vuran Taleh Məmmədov bunları deyib:
“Komanda hesabında Avropa çempionu olmağımız münasibətilə Azərbaycan xalqını və bütün güləşsevərləri təbrik edirəm. Daha öncə AÇ-də gümüş və bürünc medal qazanmışdım. Bu dəfə məqsədim qızıl medal idi. Ancaq qismət olmadı. Bir qədər zədələrim buna imkan vermədi. Qarşıdan gələn İslam Həmrəyliyi Oyunlarına, dünya çempionatına və Bakıda keçiriləcək Dünya Kubokuna daha da yaxşı hazırlaşıb, qızıl medal qazanmaq istəyirəm. Erməni güləşçi idmançıya yaraşmayan hərəkətlər edirdi. Ancaq onun bu davranışları mənə heç bir təsir göstərmədi. Ötən il Avropa çempionatında da Qraçya Poqosyana qalib gəlmişdim. Yəqin ki, ardıcıl 2-ci məğlubiyyəti həzm edə bilmədi. Bəlkə də fikirləşirdi ki, mən də ona qarşı artıq hərəkət edərəm, ikimizi də yarışdan uzaqlaşdırarlar. Səbr etdim və qələbəmlə onun cavabını vermiş oldum”.
“Xatırladaq ki, qitə birinciliyində Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb”, – deyə xəbərdə bildirilir.