Son yeniləmə: 2 Aprel 2022 13:20
Bayraqdar.info – Qadın güləşçimiz Elis Manolova Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Bu barədə bayraqdar.info-ya Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Bildirilib ki, yarışın dördüncü günündə – martın 31-də Elis Manolova (65 kq) mübarizəyə qoşulub. B qrupunda yer alan təmsilçimiz ilk görüşdə Avropa ikincisi Tatyana Rijkoya (Ukrayna) məğlub olub – 0:7. Güləşçimiz qrupda sonuncu görüşünü estoniyalı Viktoriya Essoya qarşı keçirib və rəqibinə 6:3 hesabıyla qalib gəlib.
Qrupda ikinci yeri tutan Manolova yarımfinala yüksəlib. Millimizin üzvü 2019-cu ildə qitə çempionatının finalında məğlub etdiyi Krişta İnçe (Rumıniya) ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdən minimal fərqlə (2:1) qalib gələn idmançımız dördüncü dəfə Avropa çempionatının finalına yüksəlib.
Güləşçimiz qızıl medal uğrunda həlledici görüşdə aprelin 1-də ukraynalı Tatyana Rijkoyla mübarizə aparıb. Rəqibinə 0:4 hesabı ilə məğlub olan təmsilçimiz yarışda gümüş medalla kifayətlənib.
Qeyd edək ki, qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.