Son yeniləmə: 2 Aprel 2022 11:39
Bayraqdar.info – Aprelin 1-də Bakı Bələdiyyə Teatrında “Sehrbaz” tamaşasının premyerası baş tutdu. Məlumat üçün bildirək ki, tamaşa yazıçı, Əməkdar incəsənət xadimi Firuz Mustafanın psixoloji-dram janrında yazdığı “Sehrbaz” əsəri əsasında səhnələşdirilib.
Tamaşada insan oğlunun həqiqətə tapınmasını, öz-özünə hesabat verməsini, yalanın çarmıxa çəkilərək həqiqət önündə diz çökməsini və bütün bunlardan sonra insanlığın əbədi yaşam qazanmasını diqqətə çəkilib.
Tamaşa maraqlı və gərgin notlar fonunda bir-birini əvəz edən ilk görüşdə və ilk baxışda bir-biri ilə tanış olmayan, yad, özgə adamların qəribə taleyindən söhbət açılır. Hadisələrin gedişi prosesində məlum olur ki, əslində bu adamlar heç də bir-birinə “yad” deyillər. Onların həyat “xətləri” nə zamansa bir nöqtədə kəsişib.
Beləliklə, bir-birini əvəz edən gərgin hadisələr fonunda vaxtilə baş vermiş bir sıra müdhiş hadisələrin, sirlərin üstü açılır.
Ona da vurulayaq ki, əsərdə sevgi, nifrət, xəyanət səhnələri obrazların daxili aləminin açılmasında əsaslı rol oynayır, eyni zamanda faciəvi və komik notlar bir-birini izləyir.
Məlumat üçün bildirək ki, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, illyuziya məsləhətçisi Elmar İbrahimov, dizayn işləri üzrə tərtibatçı Elnur Əliyevdir. Səhnə əsərində İsmayıl Atakişiyev, Tural Əhməd, Zülfiyyə Qurbanova, Aynur Abbasova rol alıblar.