Son yeniləmə: 1 Aprel 2022 16:04
Bayraqdar.info – Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi Xəzər dənizində növbəti monitorinqlərin aparılması üçün bu gün – aprelin 1-də yenidən dənizə çıxıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən aprelin 10-dək dənizdə kompleks tədqiqatlar aparılacaq.
Bayraqdar.info xəbər verir ki, bunu ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib:
“O qeyd edib ki, ekspedisiyanın məqsədi Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsidir: “Monitorinqlər Xəzər dənizindəki neft-qaz yataqlarında keçiriləcək, 16 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos və hava nümunələri götürüləcək, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrəniləcək, hidrometeoroloji ölçmələr aparılacaq və biomüxtəliflik tədqiq ediləcək”.