Son yeniləmə: 1 Aprel 2022 17:02
Bayraqdar.info – Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin ənənəvi “Təmiz aləm bayramı” (“Tsinmin”) qeyd olunub.
ADU-dan aprelin 1-də bayraqdar.info-ya bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov baharın gəlişini və həlak olmuş qəhrəmanların xatirəsini simvolizə edən bayramın tarixi haqqında danışıb.
Konfutsi İnstitutunun əməkdaşi Nigar Bədəlbəyli bayramın xalq ənənələri, ifa və rəqsləri, idman yarışları, ilanvari kağız uçurtmalarının müşayiəti altında şəhərkənarı gəzintilər və yazda torpaq işlərinin aparılması barədə məlumat verib.
“Tədbirdə çıxış edənlər bu bayramın çinlilər üçün əcdadlara hörmət ifadə etdiyini və nəsillər arasında əlaqə yaratmağa dəstək olduğunu bildiriblər. Çinlilərin bu bayramı ölkənin müxtəlif regionlarının təamları olan – “Tsinmin” meyvələri, qara düyü, qovurulmuş xəmir filetləri, yaşıl düyü topları və türk xalqlarında məşhur “mantı” kimi tanınan və Çində buxarda bişirilən “baozi” kökələrindən ibarət ailəvi nahar süfrəsi ətrafında qeyd etdikləri haqqında da məlumat verilib”, – deyə xəbərdə qeyd edilib.