Press "Enter" to skip to content

Meliorativ tədbirlər davam edir

Son yeniləmə: 1 Aprel 2022 09:28

Bayraqdar.info – Tovuz Suvarma Sistemləri İdarəsi yeni suvarma mövsümündə fermerlərin öz məhsullarını suvarmasında çətinliklərin yaranmaması üçün işlərini davam etdirir.

Bunu bayraqdar.info-ya Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

Qeyd edib ki, İdarə Tovuz rayonu üzrə 23 min 807 hektar, Gədəbəy rayonu üzrə isə 181 hektar torpaq sahəsnin suvarılmasını həyata keçirir: “Bu sahələrin suvarılması isə Zəyəm çayı, Əsrik çayı, Tovuz çayı, Axınca çayı, Tovuzçay su anbarı, Axıncaçay su anbarı, Ağstafaçay HQİİ-nin sağ sahil kanalı, Üç pilləli nasos stansiyası, Qızıl Ulğun nasos stansiyası və 454 ədəd subartezian quyusu vasitəsilə həyata keçirilir”.

Onun sözlərinə görə, yaz mövsümündə su itkisinin qarşısını almaq üçün 60 min 000 m3 çaylar, arxlar və kanallar lildən təmizlənib, çaylarda sel sularının, əkin və əhalinin həyatyani sahələrinə zərər vurmaması üçün sahil bərkitmə və sel sularının ötürülməsi üçün işlər görülür: “Bu il ərzində Əlimərdanlı və Bostan arxlarında 3000 metr beton üzlüyün çəkilməsi də nəzərdə tutulub. Hazırda da Zəyəmçay baş qurğusunda canlı qüvvə və texnikalar vasitəsi ilə sahil bərkitmə işləri davam etdirilir. Rayonun 8 min 55 hektar əkin sahəsinin suvarılması subartezian quyuları vasitəsilə həyata keçirilir”.

D.Şərifov deyib ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il ərzində 10 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub: “Bu quyular Əyyublu, Düz Qırıqlı, Köhnə Qala, Alakol, Dönük Qırıqlı, Aşağı Quşçu, Dondar Quşçu,Qovlar, İbrahim Hacılı, Cəlilli kəndində qazılacaq və subartezian quyuları istifadəyə verildikdən sonra təxminən 180-200 hektar yeni əkin sahələrinin suvarma suyundan təminatı yaxşılaşacaq”.

O da bildirilib ki, İdarənin balansında olan 30 ədəd nasos stansiyadan 8 ədəd nasos stansiyası Ceyrançöl sahəsini su ilə təmin edir: “Bu il 3 ədəd nasos stansiya cari təmir edilib. Poylu 1-ci və 2-ci nasos stansiyaları arasındakı 1000 m boru xətti yenilənib. Həmçinin 20 ədəd hidrotexniki qurğu təmir edilib, kanallarda qapılarda təmir və rəngləmə işləri görülüb. Fermerlərin suvarma mövsümündə suya olan təlabatında problemlərin olmaması üçün gərəkən işlər günü bu gün də davam etdirilir. Onu da bildirək ki, rayonda 82696 ha suvarılan sahə var”.

Mission News Theme by Compete Themes.