Son yeniləmə: 1 Aprel 2022 15:03
Andraş Biro: Biz özümüzü böyük türk ailəsinin bir üzvü olaraq qəbul edirik
Bayraqdar.info – Kimsəyə sirr deyil ki, 2022-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfər eyni zamanda türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə təkan verib. Bu məqam 2021-ci ilin noyabrında İstanbulda keçirilən VIII Zirvə Görüşündə bir daha müşahidə edildi. Məlum olduğu kimi həmin tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası – Türk Keneşinin, Türk Dövlətləri Təşkilatı (TDT) adlandırılmasına qərar verildi.
Təbii ki, TDT-nin yaranmasında başda Azərbaycan və Türkiyənin dövlət başçıları olmaqla türk ölkələri rəhbərlərinin qətiyyəti mühüm rol oynadı. Eyni zamanda, əvvəllər də vurğuladığımız kimi, bu birliyin yaranmasında, təşkilatın formalaşmasında Atillanın ruhunun təcəssüm etdiyini demək mümkündür. Çünki 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türk Keneşinin VIII Zirvə Görüşündə və qurumun Baş Katibliyinin yeni binasının açılış mərasimində iştirak edənlər arasında Macarıstanın Baş naziri Viktor Orban da vardı.
Məsələ burasındadır ki, özlərini Atillanın nəvələri sayan macarlar 2008-ci ildən etibarən iki ildən bir keçirilən Dünya Hun-Türk Qurultayına ev sahibliyi edir. Böyük Turan qurultayı da adlanan bu tədbir zamanı dünyanın müxtəlif yerlərindən türklər bir araya gəlir. Qurultay ideyasının müəllifi və əsas təşkilatçısı tanınmış macar antropoloqu, Macar Turan Fondunun prezidenti Andraş Birodur (Biro Andras Zslot).
Qeyd edək ki, ötən ay Azərbaycanda səfərdə olan Andraş Biro müxtəlif tədbirlərdə iştirak edib. Səfərlə bağlı təəssüratlarını bayraqdar.info ilə bölüşən A.Biro həmçinin bir sıra sualları da cavablandırıb.
Bakıya budəfəki səfərdə iki məqsədimiz vardı
Beləliklə, öncə Azərbaycana növbəti səfərinin məqsədinə toxunan Macar Turan Fondunun prezidenti “Bakıya budəfəki səfərdə iki məqsədimiz vardı. Əvvəla, Bakıda keçirilən V Beynəlxalq Etnoidman Forumunda iştirak etmək, bu tədbirdə Macarıstanı təmsil etmək üçün Azərbaycana səfər etdik. Bu tədbir çərçivəsində Türkiyə Cümhurbaşqanı Recep Tayyib Erdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Erdoğanla görüşdük. Səfərimizin ikinci məqsədi Azərbaycandakı tərəfdaşlarımızdan olan Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində olmaq, görüşlər keçirmək idi”, – dedi.
A.Biro bildirdi ki, rəhbərlik etdiyi heyətlə Bakı Atatürk Liseyində martın 9-da olub: “Öncə Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazgan və liseyin müdiri Eylem Gültekinlə görüşərək onlardan bu təhsil müəssisəsi ilə bağlı geniş məlumat aldıq. UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı Prof. Dr. Mehmet Yücenin də iştirak etdiyi, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Macar Turan Fondu ilə lisey arasında əməkdaşlıq perspektivləri də müzakirə edildi. Görüşdən sonra isə liseyin konfrans zalında şagirdlərlə toplantı keçirildi”.
Bu lisey bizi müsbət mənada çox həyəcanlandırdı
Bakı Atatürk Liseyi ilə bağlı təəssüratlarına gəlincə A.Biro, “Ümumiyyətlə bu lisey bizi müsbət mənada çox həyəcanlandırdı. Türk dünyasının gələcəyi olan, öz bayrağına, torpağına, vətəninə sadiq uşaqların yetişdirildiyi belə bir liseydə olmaqdan çox məmnunuq. Belə bir məktəbin yaradılmasına görə dəyərli Turan Yazgan hocamıza Allahdan rəhmət diləyir, Vəqfin indiki başqanı Közhan Yazgan bəyə və liseyin rəhbərliyinə isə təşəkkür edirəm. Ümid edirəm ki, bu liseylə əməkdaşlığımız daha da genişlənəcək. Görüşlər zamanı bəzi təkliflər səsləndi ki, onların da reallaşması üçün qarşılıqlı addımlar atacağıq. Yəni Macar Turan Fondu olaraq bu liseyə əlimizdən gələn dəstəyi verməyə hazırıq” dedi.
Atillanın nəvələri olduğumuza inanırıq
Dünya Hun-Türk Qurultayının keçirilmə məqsədinə dair suala gəlincə, müsahibimiz öncə onu dedi ki, Avropada 1200 illik dövlətçilik tarixinə malik macarlar öz köklərinə sadiqlikləri ilə hər zaman fərqlənirlər: “Macarlar öz ata-babaları ilə qürur duyan bir xalqdır. Təsəvvür edin ki, Avropanın ortasında olmasına baxmayaraq öz dillərini hardasa yüz faiz qorumağa nail olmuş xalqdan bəhs edirik. Biz macarlar hunların, Atillanın nəvələri olduğumuza inanırıq. Biz özümüzü böyük türk ailəsinin Qərbə gedən bir qolu olaraq qəbul edirik. Bizim ata-babalarımız Orta Asiyadan, Güney Uraldan və Qafqazdan gələnlər olub. Bütün macarlar qədim keçmişinə sayğı göstərir. Hətta 45 illik kommunizm zülmünə rəğmən heç bir şəkildə keçmişimizi unutmadıq. Keçmişimizə sadiqliyimizin bir örnəyi də Dünya Hun-Türk qurultaylarının məhz Macarıstanda keçirilməsidir”.
O da bildirildi ki, Macarıstanda hər iki ildən bir keçirilən Dünya Hun-Türk qurultayları artıq böyük türk dünyasının ortaq bayramı halına gəlib: “Bu qurultaylarda dünyanın hər yerində yaşayan türk və hun kökənli xalqların təmsilçiləri iştirak edirlər. 15 illik tarixi olan Fondumuzun bu addımı türk dünyasına, türk-hun dünyasına bir xidmətdir. Ümumiyyətlə, macarlar hər zaman öz köklərinə, hunlara bağlılıqlarını nümayiş etdirirlər”.
Növbəti qurultay 2022-ci ilin avqustunda olacaq
Müsahibimizin sözlərinə görə, növbəti Dünya Hun-Türk Qurultayının 2022-ci ilin 11-13 avqust günlərində keçirilməsi planlaşdırılır: “Qeyd edim ki, Bakıda keçirilən V Beynəlxalq Etnoidman Forumunda iştirak etməyimiz də təsadüfi deyildi. Macarıstanda ənənəvi idman növləri bu günədək qorunur. Bundan əlavə, ölkəmizdə türk xalqları ilə bir çox ortaq ənənəvi idman növləri mövcuddur. Biz uzun illərdir Dünya Etnoidman Konfederasiyası ilə birlikdə çalışırıq. Macarıstanda keçirilən tədbirlərimizə Konfederasiyanı müntəzəm dəvət edirik. Elə Dünya Hun-Türk qurultaylarında da türk xalqları ilə bir çox ortaq ənənəvi idman növləri nümayiş etdirilir”.
Bizlər Azərbaycan türklərini, azərbaycanlı bacı-qardaşlarımızı çox sevirik
“Bəs Azərbaycanla bu istiqamətdə əməkdaşlıq edirsinizmi” sualına gəlincə, A.Biro aşağıdakıları bildirdi: “Öncə onu deyim ki, bizlər Azərbaycan türklərini, azərbaycanlı bacı-qardaşlarımızı çox sevirik. Bəli, bu istiqamətdə Azərbaycanla fəal əməkdaşlıq edirik. Azərbaycan bu qurultaylarda böyük nümayəndə heyəti ilə yüksək səviyyədə iştirak edir. Budəfəki qurultayda da Azərbaycandan böyük bir heyətin iştirakı gözlənilir və hazırkı səfər çərçivəsində biz müvafiq dəvəti təqdim etdik. Bu qurultay çərçivəsində Azərbaycana həsr edilmiş sərgi və buradan gedən incəsənət ustalarının konserti də olacaq”.
Azərbaycan bu qələbəsi ilə dünyadakı bütün hun və türk xalqlarını qürurlandırdı
Müsahibimiz həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi zəfərini də dəyərləndirdi: “Bu gün öz torpaqlarını düşmən işğalından azad edərək adını tarixə yazan Azərbaycanda olmaqdan qürur duyuram. Azərbaycan bu qələbəsi ilə dünyadakı bütün hun-türk xalqlarını qürurlandırdı, onlara sevinc bəxş etdi. Qəhrəman Azərbaycan Ordusu 44 günlük savaş zamanı 30 illik işğala son qoydu”.
Bu qələbənin Macarıstanda yaratdığı ovqata gəlincə, A.Biro dedi ki, Avropada ilk gündən Azərbaycana dəstək verən və Azərbaycanın bu savaşda haqlı tərəf olduğunu bəyan edən yeganə ölkə məhz Macarıstan idi: “Əslində, biz bu mövqeyimizə görə böyük təzyiqlərə məruz qaldıq. Amma çox şükür ki, nəticədə bu gün birlikdə qələbə sevincini yaşayırıq. Artıq bu topraqlar öz sahiblərinə qovuşdu. Onu da deyim ki, torpaqlar işğal altında olanda da dəstəyimizi davam etdirmisik. Biz Fond olaraq o vaxt Azərbaycana səfər etmişdik və buradakı tərəfdaşımız Umud Rəhimoğlu ilə birlikdə işğal altndakı torpaqlarla, işğal tarixi ilə bağlı bir sənədli film hazırlamışdıq. Bu filmi Avropada təqdim etmişik”.
Şuşada təmsilçilik açmaq istəyirik
İşğaldan azad olunmuş torpaqlarda Macar Turan Fondunun təmsilçiliyinin açılmasının mümkünlüyünə gəlincə, A.Biro yayda Qarabağa səfər etməyi planlaşdırdıqlarını qeyd etdi: “Daha sonra isə Qarabağda, Şuşada təmsilçilik açmaq istəyirik”.
Müsahibimiz sonda “Dünya Hun-Türk qurultayları böyük bir coğrafiyanın insanlarını, türk-hun dünyasını bir araya gətirir. Bəs bu dünyanı əhatə edən media təmsilçilərinin bir qurultayının keçirilməsini planaşdırırsınızmı” sualını cavablandırdı: “Bu sualınıza görə çox sağ olun. Bir türk dünyası konqresini keçirmək niyyətindəyik. Bu konqresin birinci hissəsi araşdımalara, ikkinci hissəsi isə media sahəsində əməkdaşlığın dərinləşməsinə həsr ediləcək. Bu konqresin 3 gün ərzində davam edəcəyini düşünürük. Düzdür, konqresin keçirilməsi ilə bağlı konkret tarix bəlli deyil. Amma bunu deyə bilərəm ki, onun tarixini avqustda Dünya Hun-Türk qurultayında müəyyən edəcəyik”.