Bayraqdar.info – Martın 31-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb. Görüşdə Dövlət Vergi Xidmətinin fəaliyyəti və vergitutma sahəsində maraq doğuran məsələlər, İctimai Şuranın fəaliyyət istiqamətləri və ictimai iştirakçılıq prosesinə verə biləcəyitöhfələr müzakirə edilib.
Bu barədə bayraqdar.info-ya aprelin 1-də Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, DVX-NİN rəisi Orxan Nəzərli görüş iştirakçılarını salamlayaraq, İctimai Şura ilə əməkdaşlıqla bağlı fikirlərini bölüşüb, vergi sistemində aparılan islahatlar, xidmətin rəqəmsal imkanları, ortamüddətli perspektivdə vergi siyasətinin əsas istiqamətləri barədə iştirakçılara məlumat verib: “Qeyd olunub ki, İqtisadiyyat Nazirliyi yanında yaradılmış İctimai Şura nazirliyin və onun strukturuna daxil olan qurumların fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsinə mühüm töhfə verəcək bir institutdur. Şuranın effektiv fəaliyyəti icra orqanlarının fəaliyyətində şəffaflığın, ictimai nəzarətin təmin edilməsində mühüm rol oynayır”.
DVX rəisi İctimai Şuranın və ictimai əməkdaşlığın faydasını vurğulayaraq xidmətin sahibkarlıq assosiasiyaları, ictimai birliklər və ekspertlərlə geniş iş təcrübəsi olduğunu diqqətə çatdırıb. Bildirilib ki, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsi ilə bağlı islahatların həyata keçirilməsi zamanı, eləcə də vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində hər zaman ictimai məsləhətləşmələrə önəm verilib.
DVX-də müasir rəqəmsal alətlərin və analitik potensialın mövcud olduğunu qeyd edən O.Nəzərli gələcəkdə vergi ödəyicilərinə xidmət sahəsində nəzərdə tutulan rəqəmsal yeniliklər barədə də məlumat verib. Qeyd edilib ki, DVX iqtisadi prosesləri, xüsusilə də iqtisadiyyatda “ağarma indikatorları”nı yaxından təhlil edir: “Son illərdə vergi ödəyicilərinin əməliyyatları üzrə risk səviyyələrini təhlil və müəyyən edən müxtəlif rəqəmsal alətlərdən istifadə olunur, vergi inzibatçılığının aktiv rəqəmsallaşdırılması prosesinə xüsusi önəm verilir. 2022-ci ildə vergi ödəyicilərinə xidmət sahəsində bir sıra yeniliklərin tətbiqinə diqqət çəkən DVX rəisi onların daha çox kiçik və orta sahibkarlığın vergi öhdəliklərinin icrası, vergi hesabatlarının göndərilməsi prosesinin sadələşdirilməsinə istiqamətləndiyini qeyd edib”.
Məlumata əsasən iclasda çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, İctimai Şuranın sədri Ədalət Muradov cəmiyyət həyatının inkişafı baxımından Şuranın əhəmiyyəti və əsas fəaliyyət istiqamətləri barədə danışıb.
Tədbir müzakirələrlə davam etdirilib. İctimai Şura üzvlərini narahat edən, həmçinin vergitutmanın müxtəlif aspektlərini əhatə edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət Vergi Xidmətini rəisi Orxan Nəzərli, xidmətin rəis müavini Samirə Musayeva, Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəisi Zaur Fətizadə, habelə DVX-nin digər rəhbər vəzifəli şəxsləri qaldırılmış məsələlərə müvafiq şərhlər veriblər. Bir sıra təkliflərin üzərində Şura üzvləri ilə birgə əməkdaşlıq çərçivəsində işlərin davam etdirilməsi razılaşdırılıb.