Press "Enter" to skip to content

Bursada Şuşa günləri keçirilsin

Son yeniləmə: 1 Aprel 2022 13:24

Bayraqdar.info – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclasında çıxış edib.

Bu barədə bayraqdar.info-ya aprelin 1-də Fonddan məlumat verilib.

Bildirilib ki, G.Əfəndiyeva keçirilən iclasın əhəmiyyətindən söz açıb. Çıxışında TÜRKSOY-un fəaliyyətinə də toxunan Fondun prezidenti bildirib: “Qardaş təşkilatlarımız arasında ilk yaranan təşkilat olan TÜRKSOY türk xalqlarının qardaşlığının və mədəni əlaqələrinin möhkəmləndirilməsi istiqamətində gördüyü mənalı işlərə görə yüksək qiymət qazanmışdır. Hörmətli Düsen Kaseinovun Baş katib olduğu müddətdə təşkilat türk xalqlarının ortaq tarixi- bütövlükdə dil, ədəbiyyat, mədəniyyət və incəsənətlə bağlı bir çox mühüm işlər həyata keçirib. Fürsətdən istifadə edərək, Düsen Kaseinovu şərəfli vəzifəsini layiqincə yerinə yetirdiyinə görə ürəkdən təbrik edirəm”.

G.Əfəndiyeva eyni zamanda TÜRKSOY-un yeni baş katibi seçilməsi münasibətilə Sultan Rayevi təbrik edib.

Fondun prezidenti çıxışında 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunduğunu vurğulayıb və maraqlı təkliflə çıxış edib: “Bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qərarı ilə ölkədə “Şuşa ili” qeyd olunur. Bu toplantının tarixi qərarlarından biri də gələn il Türk Dünyasının Paytaxtı statusunun Şuşaya verilməsidir. Biz təklif edirik ki, “Şuşa İli” ərəfəsində bu il Şuşa günləri Bursada da keçirsilsin. İnanırıq ki, insanlar təşkil olunacaq sərgilərdə, konsertlərdə və digər tədbirlərdə iştirak etməklə Şuşanın və ümumilikdə Qarabağın tarixi, ədəbiyyatı, musiqisi, incəsənəti, eləcə də 30 ilə yaxın işğala məruz qalan yaralı abidələrin taleyi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Biz bunu öz üzərimizə götürməyə hazırıq.”

Mission News Theme by Compete Themes.