Son yeniləmə: 1 Aprel 2022 10:43
Bayraqdar.info – Bosniya və xorvat siyasətçiləri Bosniya və Herseqovina diasporunu oktyabrda keçiriləcək seçkilərə səfərbər olmağa çağırıblar. Bu isə Bosniya serb siyasətçilərini narahat edib.
Balkan News xəbər verir ki, Avstriyada Bosniya və Herseqovina diasporunun üzvləri ilə görüşən Demokratik Fəaliyyət Partiyasının (SDA) lideri Bakir İzzetbegoviç “Sizdən Bosniya və Herseqovina Federasiyasında səs vermənizi istəməyə gəlməmişik. Serb Respublikasında səs verin. Bosniya və Herseqovinanın taleyi uğrunda mübarizə orada aparılır. Müharibədə edə bilmədiklərini kağız üzərində edə biləcəklərini düşünürlər. Buna nail olmayacaqlar. Çünki qələm bizim də silahımızdır”, – deyib.
Almaniyadakı Bosniya və Herseqovina diasporunun üzvləri ilə görüşən Bosniya və Herseqovina Rəyasət Heyətinin xorvat üzvü Zeljko Komsiç də xaricdəki seçiciləri Bosniya və Herseqovinadakı siyasi həyata inteqrasiya etməyə və seçkilərdə səs verməyə dəvət edib.
Bosniya serblərinin hakim partiyası SNSD-nin aparıcı simalarından biri olan Snjezana Novakovic-Bursac isə bundan narahatlığını dilə gətirib. O bildirib ki, Avropada bosniyalı seçicilərin səfərbər edilməsi çağırışları bosniyalı siyasətçilərin ölkəni yenidən formalaşdırmaq istəklərini ortaya qoyur.
Bosniya diasporunun səslərinin Prezident Şurasının serb üzvünün və Serb Respublikası Xalq Məclisinin üzvlərinin seçilməsinə təsir göstərə biləcəyi də vurğulanıb.