Son yeniləmə: 1 Aprel 2022 15:07
Bayraqdar.info – Xankəndi də daxil olmaqla Qarabağ iqtisadi zonasına aid ərazilər ötən əsrin 80-ci illərində Azərbaycan tərəfindən qazlaşdırılmış və infrastruktur yaradılmışdı. Sonrakı işğal dövründə bu infrastrukturun böyük bir qismi ermənilər tərəfindən dağıdılmışdı.
Bayraqdar.info xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.
“Həmin ərazilər Azərbaycanın suveren ərazisidir, əzəli, tarixi torpaqlarıdır. Orada qaz infrastrukturunda işlər yalnız Azərbaycan tərəfindən görülə bilər. Hazırda Xankəndi şəhərinə gedən qaz xətti üzərində “Azəriqaz” tərəfindən müəyyən təmir işləri aparılmışdır. Şəhər təbii qazla təmin olunur. Növbəti mərhələlərdə nəzərdə tutulub ki, bütün o ərazilərdə qaz infrastrukturu Azərbaycan dövləti tərəfindən daha ideal formada, müasir tələblərə cavab verərək və tam şəkildə yenidən qurulsun. O cümlədən Xankəndi şəhərinin qaz təchizatı sisteminin də yenidən qurulması nəzərdə tutulur. Həmin ərazilərdə qurulacaq infrastrukturdan Azərbaycan vətəndaşları normal şəkildə yararlana biləcəklər”, – deyə şöbə rəisi qeyd edib.