Press "Enter" to skip to content

1 Aprel – Ümumdünya Gülüş Günüdür

Gülüş Günü

Son yeniləmə: 1 Aprel 2022 10:33

Bayraqdar.info – Hər il aprelin 1-i Avropada və bir çox Asiya ölkələrində Gülüş Günü keçirilir. Onu da qeyd edək ki, bu gün rəsmi bayram kimi heç bir ölkənin təqviminə daxil edilməsə də dünyanın bir çox dövlətlərində qeyd olunur. 1 Apreli Böyük Britaniyada “Səfehlər günü”, Fransada isə “Aprel balığı günü” adlandırırlar.

1 Aprelin tarixinə qısa bir nəzər salaq:

Bəzi mənbələrə görə 1 aprel zarafatının yaranması belə olub: Təqribən 5 əsrlik tarixi olan Gülüş Günü ilk dəfə Fransada təşəkkül tapıb. 1564-cü ildə Fransa Kralı IX Çarles, il başlanğıcının yanvar ayının birinci günü olması barədə qərar verib. Amma bundan əvvəl də Fransada yeni ili 1 apreldə qeyd ediblər.  Həmin gün insanlar bir-birlərini təbrik edər və hədiyyə olaraq təzə balıq göndərərdilər.  O zamankı rabitə şərtlərində IX Çarlesin bu qərarı ölkədə çox da yayılmayıb. Məsələdən xəbərdar olanlar isə etiraz məqsədilə köhnə adətlərinə davam edərək, 1 apreldə şənliklər keçiriblər. Şənlik keçirməyənlər isə onları “aprel axmaqları” adlandırıblar.

Bəzi ölkələrdə də 1 aprelə “bütün axmaqların günü” adını veriblər. Uzun illərdən sonra 1 aprel gününü mədəniyyətlərinin bir parçası sayaraq Gülüş Günü kimi qeyd ediblər. İndi bütün dünyada 1 Aprel Ümumdünya Gülüş Günü kimi qeyd olunur.

Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə – məhz aprelin 1-də “İtaətsizlik bayramı” keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını “söndürə bilərdilər”. Eyni zamanda Səfehlər kralı və ya Zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərdilər. “Səfehlər Günü”ndə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda “xuliqanlıq etmək” mümkün idi.

Digər versiya isə Pasxa ilə əlaqədardır. Bildirilir ki, məhz aprelin 1-də müəyyən ölkələrdə Pasxa öncəsi yaz bərabərliyinin başlanğıcı kimi anılıb. Deyilənə görə, insanlar yeni ilin ilk gününü şən zarafatlarla keçiriblər. Belə adamları ələ salır, onlara axmaq hədiyyələr verir, özlərini isə “aprel axmaqları” adlandırırdılar.

Başqa rəvayətə görə, qədim Romada 17 fevralı “Avamlar bayramı” kimi keçirirmişlər.

Şərqi Hindistanda isə bu bayram martın 31-nə təsadüf edib. Rəvayətə görə, belə qeyri-adi ənənəyə təbiətin özü səbəb olub. Havanın yaz şıltaqlıqlarını əhali gülüş və zarafatlarla qarşılamaq məqsədilə bu günü özlərinə xoş ovqat yaratmaq üçün seçib.

Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bu, zarafatyana tədbir idi.

1 Aprel zarafatları mətbuatda

Mətbuat da 1 Apreldə zarafatsız keçinmir. Bəzi zarafat-xəbərlər güldürsə də, kimlərsə zarafat xəbərlərə xeyli təpki göstərir.

1957-ci ildə BBC-nin ən ilginc xəbər proqramı olan “Panorama” havaların isti keçməsi səbəbi ilə ağaclarda spagetti yetişməyə başladığını deyib. Tezliklə televiziyaya çoxsaylı telefon zəngləri daxil olmağa başlayıb. Telefonu açan BBC yetkililəri də zəng edənlərə tam ciddi şəkildə “bir qutu tomat, sosiskalı spaget əkin və tutması üçün dua edin” məsləhəti veriblər. Sonda bunun bir zarafat olduğu məlum olub.

1962-ci ildə isə İsveçin yeganə ağ-qara yayımlanan telekanalının “1 Aprel” proqramına çıxan bir texnoloq televizorun ekranına bir qadın neylon corabı keçirməklə tamaşaçıların rəngli televizorlara baxa biləcəkləri müjdəsini verib.

1998-ci ildə “Burger King” “USA Today” qəzetinə verdiyi elanda solaxaylar üçün xüsusi hamburger hazırlandığını bildirib. Elanda deyilib ki, ölkədəki 32 milyon solaxay üçün hazırlanmış həmin hamburgeri rahat yemək üçün o, 180 dərəcə fırlanır. Sonradan bunun 1 aprel zarafatı olduğu deyilsə də, günlərlə xeyli sayda müştəri həmin hamburgerin dadına baxmaq üçün “Burger King”ə axışıb.

1977-ci ildə ingilis “The Guardian” qəzeti Hind okeanında uydurma San Şeriff Respublikasının 10-cu ildönümünü qeyd etmək üçün 7 səhifəlik xüsusi buraxılışla çıxıb.

1992-ci ildə sol təmayüllü NPR radiosu 1 aprel sayında Riçard Niksonun “Pis bir iş görmədim və bir daha pis bir iş görməyəcəm” şüarı ilə prezident seçkilərində namizəd olduğunu açıqlayıb.

Gülüş Günü

1995-ci ildə “Diskover” dərgisi 1 aprel sayında “Aprille Pazzo” adlı bir bioloqun Antarktidada kəlləsi yastı sümüklərdən ibarət və pinqivinləri yaxalamaq üçün buzu böyük bir sürətlə əridən yeni bir heyvan nəsli kəşf etdiyini xəbər verib.

Almaniyanın Schlesvig-Holstein əyalətindəki bir radio sürücülərdən Rader körpüsünü keçərkən 5 avro hazırlamalarını istəyib. İsveçrəli bir şirkətin bu körpünü satın aldığını və bayram günləri körpüdən keçid haqqı alınacağı xəbərini yayan radio əyalətin rəhbəri Heide Simonis, çox sayda siyasətçi, polis məmurları və ADAC avtomobil klubundan da dəstək alaraq onların açıqlamalarına yer verib. Lakin bu da bir zarafat olub.

Azərbaycanda isə 1 aprel daha çox insanların bir-birlərini zarafatyana aldatması ilə müşayiət olunur və bundan da heç kəs incimir. Amma hamı çalışır ki, aprelin 1-də aldanmasın.

QEYD: Yazıda açıq mənbələrdən istifadə edilib.

Mission News Theme by Compete Themes.