Son yeniləmə: 31 Mart 2022 15:44
Yeganə Haciyeva: Baş verənlərə görə məhz Ermənistan dövlət olaraq günahlandırılmalı, beynəlxalq cinayət məhkəməsi önündə cavab verməlidir
Bayraqdar.info – “Ermənilər tarix boyu dəfələrlə xalqımıza qarşı kütləvi qətliamlar həyata keçiriblər. Bu sırada 1918-ci ilin qırğınları xüsusilə vurğulanmalıdır. Məlum olduğu kimi 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütun”dan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər. Rəsmi mənbələrə əsasən həmin soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür”.
Bunu 31 mart – Azərbaycanlıların Soyqırımı günü ilə bağlı bayraqdar.info-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Erməni-bolşevik terror qrupları bu vəhşiliyi sistemli şəkildə həyata keçiriblər
Onun sözlərinə görə, soyqırımı hərbi zərurətlə diktə olunmayan, özünü müdafiə edə və müqavimət göstərə bilməyən xeyli sayda insanın qəsdən, mütəşəkkil qaydada öldürülməsi kimi təsbit olunur: “Soyqırımı bütün digər cinayətlərdən motivasiyasına görə fərqlənir və onun məqsədi əhalinin milli, etnik, irqi, dini zəmində tamamilə və ya qismən məhv edilməsidir”.
Politoloq deyib ki, soyqırımı bütün cinayətlərin ən ağırı hesab olunur: “Çünki öldürülənlər şəxsi xüsusiyyətlərinə görə deyil, fitri fiziki və mənəvi xüsusiyyətlərə sahib olduğu, müəyyən bir etnik qrupa mənsub və ya onlarla əlaqəsi olduğu üçün məhv edilir”.
Qeyd edilib ki, 1918-ci il 31 mart soyqırımı da diğər soyqırımları kimi birdən-birə baş verməyib: “Erməni-bolşevik terror qrupları ciddi hazırlaşaraq bu vəhşiliyi sistemli şəkildə həyata keçirib. Həmin dövrdə azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qətliamları bolşevik və şura hakimiyyəti “bərabərlik”, “azadlıq” və “sosial ədalət” kimi sözdə cəmiyyətə xoş gələn şüarlarla ört-basdır etməyə çalışıb. Təsadüfi deyil ki, məhz bolşevik-sovet hakimiyyətinin bu davranışının nəticəsi olaraq həmin dövrlərdə Azərbaycan xalqına qarşı həyata keçirilən bu qətliamların “qəhrəmanları”na daha sonralar Bakının mərkəzində heykəllər qoyulub, adlarına parklar salınıb və s”.
Bu, həm də bəşəriyyətə qarşı törədilmiş cinayət idi
Y.Hacıyeva bildirib ki, həmin dövrdə Bakıda və ölkənin digər bölgələrində həyata keçirilən qətliamlar, həmçinin bəşəriyyətə qarşı diğər cinayətləri də özündə əks etdirib: “Bu cinayətlər siyasi, irqi, milli, etnik və ya dini zəmində mülki əhaliyə qarşı yönəlmiş geniş və sistemli terrorun tərkib hissəsi kimi qəsdən törədilmiş son dərəcə ağır xarakterli qeyri-insani əməllər idi. Bunlardan ən dəhşətlisi soyqırımı üçün xarakterik olan bütöv insan qruplarının öldürülməsidir. Bununla belə, insanlığa qarşı cinayətlərin kateqoriyası soyqırımından daha genişdir. Belə ki, onlar mütləq konkret qrupa deyil, bütövlükdə mülki əhaliyə qarşı yönəlib. Məsələn, həmin vaxt təkcə türklər deyil, yəhüdilər, talışlar, ləzgilər və s. bütövlükdə əliyalın mülki insanlar öldürülüb”.
Politoloq qeyd edib ki, soyqırımı və buna bərabər əməlləri nə zaman törədilməsindən asılı olmayaraq törədənlər beynəlxalq və yerli hüquq baxımından cinayətkarlardır. Onlar haqqında istər sağlığında, istərsə də ölümlərindən sonra layiq olduqları cəza kəsilməlidir: “Bu məqamda xatırlatmaq istəyirəm ki, Birinci Dünya müharibəsindən sonrakı dünya nizamı insan hüquqlarının beynəlxalq müdafiəsinin artan əhəmiyyətini nümayiş etdirdi. Həmin müharibədən sonrakı rejimin iki aspekti soyqırımının tədqiqi üçün xüsusi əhəmiyyət kəsb edir. Birincisi, milli azlıqların xüsusi müdafiəsinin zəruriliyi qəbul edildi və bu, bir sıra ikitərəfli və çoxtərəfli sazişlər, habelə birtərəfli bəyannamələrlə gücləndirildi. İkincisi, beynəlxalq cinayət məhkəməsinin yaradılmasına cəhd edildi ki, bu da etnik azlıqların qətliamlarının həm dövlət məsuliyyətinə, həm də cinayətkarların şəxsi cinayət məsuliyyətinə səbəb ola biləcəyini nəzərdə tuturdu”.
BMT-nin 1968-ci il Konvensiyası bütün suallara aydınlıq gətirdi
Y.Hacıyeva deyib ki, məhz buna əsaslanaraq əsrin əvvəlində azərbaycanlılara qarşı həyata keçirilən bu qətliamlarda insan qrupları deyil, insanları öldürüb onların torpaqlarında öz dövlətlərini qurmuş Ermənsitan dövlət olaraq təqsirləndirilməlidir: “Bunun üzərindən bir əsrdən çox vaxt keçməsi haqqında danışırıqsa, dünyanın əksər ölkələrində milli hüquq sistemlərində sırf belə cinayətlər üçün iddia müddətinin başa çatması cinayət məsuliyyətindən azad olmaq üçün əsas hesab olunmur. Amma onu da qeyd etmək lazımdır ki, İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq tribunalların nizamnaməsində və Soyqırım Konvensiyasında zaman məsələsinə toxunulmayıb. Bu da bütünlükdə dünya ictimaiyyətinin ciddi narahatlığına səbəb olurdu. Yəni bu cinayətkarların “texniki cəhətdən” məsuliyyətdən yayınmasına səbəb olurdu”.
“Məhz bu məqamın qarşısını almaq üçün 1968-ci ildə BMT-nin himayəsi altında hərbi cinayətlərə və insanlıq əleyhinə cinayətlərə məhdudiyyət müddətinin tətbiq edilməməsi haqqında Konvensiya qəbul edilib. Konvensiya beynəlxalq hüquqda hərbi cinayətlər və insanlığa qarşı cinayətlər, aparteid və soyqırımlara görə məsuliyyətə cəlb olunmaq üçün məhdudiyyət müddətinin olmaması prinsipini təsbit edir”, – deyə politoloq sonda vurğulayıb.