Press "Enter" to skip to content

Giresunda azərbaycanlıların soyqırımına həsr edilmiş sərgi

Son yeniləmə: 31 Mart 2022 16:40

Bayraqdar.info – Hər il olduğu kimi bu il də 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri də qardaş Türkiyənin Giresun şəhərində keçirilib.

Belə ki, Giresun Azərbaycanlılar Dərnəyi tərəfindən bu günlə bağlı şəhər mərkəzində sərgi təşkil edilib. Bu barədə bayraqdar.info-ya Dərnəkdən məlumat verib.

Sərginin açılışında çıxış edən Dərnəyin sədri E.Məmmədov media numayəndələrinə ermənilərin azərbaycanlılara qarşı yürütdüyü soyqırımı siyasətindən bəhs edib. Qeyd edilib ki, ermənilər tarixin müxtəlif dövrlərində xalqımıza qarşı kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçiriblər.

Dərnək sədri deyib ki, bu soyqırımı aktları həm beynəlxalq hüquq normaları ilə təsbit olunmuş konvensiyalara əsasən, həm də mənəvi-əxlaqi kodekslərə görə, insanlığa qarşı və bəşəriyyət əleyhinə cinayətdir.

E.Məmmədov vurğulayıb ki, 1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı tariximizin faciəli səhifələrindən birdir: “1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Yəni onlar məhz müsəlman və türk olduqlaır üçün ermənilər tərəfindən ən vəhşi işgəncələrə məruz qalıblar”.

Bu soyqırımı ilə bağlı statsitik məlumatları da diqqətə çatdıran E.Məmmədov əlavə edib ki, müasir dövrdə, ötən 30 ildə də Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik zəmində cinayətlər davam etdirilib. Həmin müddət ərzində Ermənistanın özündə və Azərbaycanın işğal olunmuş ərazilərində bir milyon azərbaycanlı etnik təmizləmənin qurbanı olub.

“1992-ci ilin fevralında Xocalı soyqırımı da daxil olmaqla, soyqırımı aktları, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədən Ermənistan 2020-ci il 44 günlük müharibə zamanı da öz “ənənəsinə” sadiq qaldı. Belə ki, Ermənistan silahlı qüvvələri 44 günlük müharibə zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc insanlarını məqsədyönlü şəkildə raket hücumlarının hədəfinə çevirdi”, – deyə Dərnək sədri sonda bildirib.

Məlumatda o da qeyd edilib ki, sərgi ilə yanaşı ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı cinayətlərindən bəhs edən məlumatların əks olunduğu 3500 məlumatlandırıcı əl kitabçası vətəndaşlara paylanıb.

Mission News Theme by Compete Themes.