Son yeniləmə: 31 Mart 2022 11:44
Bayraqdar.info – Əl-Cəzirə Media Şəbəkəsi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu əməkdaşlıq edəcək. Martın 30-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində iki tərəfdaş qurum arasında uzunmüddətli münasibətləri rəsmiləşdirən əməkdaşlıq müqaviləsi imzalanıb.
BAMF-dan bayraqdar.info-yha bildirilib ki, mərasimdə ölkədə səfərdə olan Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndələri qurumun İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami Əl Hacc və Tərəfdaşlıqlar və Araşdırmalar şöbəsinin rəhbəri Həsən Elmaqor iştirak ediblər.
“Şəbəkənin rəhbərliyi tərəfindən təsdiqlənmiş əməkdaşlıq müqaviləsini rəsmi nümayəndə Sami Ə.Hacc və BAMF prezidenti Umud Mirzəyev imzalayıblar. Mərasimdə BAMF-ın Müşahidə Şurasının sədri Akif Musayev və BAMF-ın BMT-nin Cenevrə ofisindəki nümayəndəsi Osman Əl Hacc da iştirak ediblər.
“Müvafiq sənəd hər iki təşkilat arasında 10 ilə yaxındır davam edən sıx əlaqələri rəsmiləşdirəcək və daha da genişləndirəcək. Bu əməkdaşlıq Beynəlxalq Avrasiya Mətbuat Fondu vasitəsilə dünya şöhrətli Əl-Cəzirəni bütün Azərbaycan mediası üçün əlçatan edəcək.
“Müqaviləyə əsasən, Azərbaycan jurnalistlərinin Əl-Cəzirədə təcrübə keçmək imkanları, müxtəlif beynəlxalq tədbirlərdə birgə iştirak və jurnalist mübadiləsi proqramlarının icrası reallaşacaq. Həmçinin, daha əvvəllər Əl-Cəzirə Media Şəbəkəsinin peşəkar təlimçiləri tərəfindən Azərbaycan jurnalistləri üçün keçirilən iki böyük peşəkarlıq və təhlükəsizlik təlimlərinin davamı olaraq yenidən silsilə təlimlərin keçirilməsi nəzərdə tutulub.
“İki tərəfdaş qurum hər zaman söz azadlığının təminatı və insan hüquqlarının qorunması ilə bağlı həmrəylik nümayiş etdirir və birgə tədbirlərin təşkilinə, qarşılıqlı təbliğat çarxlarının hazırlanmasına daima öz töhvələrini verirlər. BAMF eyni zamanda Əl-Cəzirənin ərəb və ingilis dilli tamaşaçılarının regionla bağlı xəbər ehtiyaclarının qarşılanması üçün əməkdaşlarının regiondan hazırladıqları reportajların, yazıların və məqalələrin yayımlanmasına dəstək göstərir.
“BAMF-ın təşkilati dəstəyi ilə Əl-Cəzirə TV-nin peşəkar komandasının hazırladığı, Azərbaycanın əsrarəngiz gözəlliyini dünyaya təqdim edən hər birisi 25 dəqiqədən ibarət olan 5 sənədli film çoxsaylı tamaşaçı kütləsinin rəğbətini qazanmışdır. Əl-Cəzirə Media Şəbəkəsi Birinci Qarabağ müharibəsi, 2016-cı il tarixi Aprel döyüşləri və həmçinin İkinci Qarabağ müharibəsindən sonra da hər zaman öz obyektivliyi və qərəzsiz mövqeyi ilə xəbərin ən etibarlı istinad yeri olub”, – deyə xəbərdə bildirilir.