Press "Enter" to skip to content

Azərbaycanın turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılışı olub

Son yeniləmə: 31 Mart 2022 10:38

Bayraqdar.info – İsraildə Azərbaycanın turizm nümayəndəliyinin açılışı iki ölkə arasında turizm əlaqələrinin inkişafına təkan verəcək. Bu haqda Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev martın 30-da İsraildə Azərbaycanın rəsmi turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılışı mərasimində bildirib.

DTA-dan bayraqdar.info-ya martın 31-də verilən məlumata görə tədbirdə çıxış edən Agentlik sədri nümayəndəliyin fəaliyyətinin İsraildə Azərbaycan haqqında məlumatlılığın artmasına və ikitərəfli turizm əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib. F.Nağıyev iqtisadi və strateji amillərlə yanaşı, xalqlarımız arasında mədəni-tarixi əlaqələrin, qarşılıqlı dostluq və anlaşmanın turizm münasibətlərinin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

O, Azərbaycanın çoxsaylı etnik qrupların birlikdə yaşadığı tolerant və multikultural ölkə olduğunu vurğulayıb.

Agentlik sədri israilli turistlərin tezliklə işğaldan azad olunmuş Qarabağa da səfər edə biləcəklərinə inamını ifadə edib.

Tədbirdə çıxış edən İsrailin turizm naziri Yoel Razvozov bildirib ki, 2021-ci ilin avqust ayında Azərbaycanın ticarət nümayəndəliyinin, eləcə də turizm nümayəndəliyinin açılması, indi isə Təl-Əviv ofisinin açılışı Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, turizm əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Səfər çərçivəsində, həmçinin Dövlət Turizm Agentliyi ilə İsrail Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

Bundan əlavə, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti 29-30 martda Təl-Əvivdə baş tutan “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2022) sərgisində iştirak edib.

Sərgidə “Azərbaycan Hava Yolları” QSC, Dağ Yəhudiləri Muzeyi, Naxçıvan Muxtar Respublikası Turizm Departamenti və digər 9 yerli tərəfdaşla birlikdə təmsil olunan nümayəndə heyəti tərəfindən Azərbaycanın turizm imkanları, o cümlədən Qarabağın turizm potensialı nümayiş etdirilib.

Sərgi çərçivəsində müvafiq tərəfdaşlarla yeni əlaqələr yaratmaq və yaxın gələcəkdə İsraildən daha çox turisti qarşılamaq istiqamətində əməkdaşlıq etməklə bağlı görüşlər keçirilib.

Sərgi zamanı İsrailin turizm naziri Yoel Razvozov Azərbaycan milli stendini ziyarət edərək təqdim olunan turizm məhsulları ilə tanış olub.

Mission News Theme by Compete Themes.