Press "Enter" to skip to content

Azərbaycan Hərb Tarixi Muzeyində 31 Mart tədbiri

Hərb Tarixi Muzeyi

Son yeniləmə: 31 Mart 2022 16:34

Bayraqdar.info – Martın 31-də Azərbaycan Hərb Tarixi Muzeyində 31 Mart Azərbaycanlıların soyqırımının 104-cü ildönümünə həsr olunmuş “Unutmadıq, Unutdurmadıq!” adlı tədbir keçirilib.

Muzeydən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə mərasimdə çıxış edərək deyib ki, Azərbaycan xalqına qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tarixi ХIX əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edirdi. Xalqımıza məxsus ərazilərdə ermənilərin məskunlaşdırılması ilə azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyulub.

Sovet dövründə gizli saxlanmış, üzərinə məxfilik qadağası qoyulmuş həqiqətlər Azərbaycan müstəqillik qazandıqdan sonra bir-bir açılmağa başladı. Ulu öndər Heydər Əliyev ölkəmizdə hakimiyyətə qayıtdıqdan sonra, “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

“Muzey rəisi qeyd edib ki, ötən illər ərzində həqiqətin üzə çıxarılması məqsədilə aparılmış araşdırmalar, tədqiqatlar sayəsində yeni-yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb, abidə kompleksi inşa edilib. Bu tarixi faktlar 104 il əvvəl mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri insan adına sığmayan qanlı cinayətlərin coğrafiyasının daha geniş, soyqırımı qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Xalqımız erməni millətçilərinin bu qanlı cinayətlərini heç zaman unutmayacaq.

“Daha sonra 31 mart soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub, mövzu ətrafında müzakirələr aparılıb”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.