Son yeniləmə: 31 Mart 2022 11:03
Bayraqdar.info – Eenergetika naziri Pərviz Şahbazov Almaniya federal kanslerinin iqtisadi məsələlər üzrə müşaviri, dövlət katibi Jörg Kukies ilə görüşüb. Görüş “Berlin Enerji Keçidi Dialoqu” çərçivəsində baş tutub.
Energetika Nazirliyindən bayraqdar.info-ya martın 31-də verilən məlumata görə, görüşdə qlobal enerji gündəliyində olan məsələlər, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycanın “yaşıl enerji” üzrə Avropanın təchizatçısına çevrilməsi və ikitərəfli enerji əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə edilib.
Danışıqlar zamanı uzun illərdir neft təchizatçısı olan Azərbaycanın 21-ci əsrin ən böyük layihələrindənbiri olan Cənub Qaz Dəhlizi ilə Avropa ölkələrinin qaz tədarükçüsünə çevrildiyi qeyd olunub. Həmçinin bu dəhlizin genişləndirilməsinin çoxtərəfli əməkdaşlıq əsasında zəruri bir sıra məsələlərin həllini tələb etdiyi bildirilib.
Eyni zamanda hazırda Azərbaycanın Avropaya digər bir istiqamət-bərpa olunan enerjinin ixracı ilə bağlı planlarının olduğu diqqətə çatdırılıb. Nazir P.Şahbazov “Xəzər dənizinin zəngin külək enerjisi potensialının 7,2 GVt-nı 2036-cı ilədək reallaşdırmaq niyyətindəyik. Qara dəniz sualtı elektrik xətti kimi yeni ötürücü xətlərlə biz istehsal ediləcək “yaşıl enerji”ni Avropaya ixrac edə bilərik. Eyni zamanda hidrogen qarışığının ixracı da nəzərdən keçirilir ki, bunların hər ikisi real imkanlardır”, – deyə vurğulayıb.