Son yeniləmə: 31 Mart 2022 17:12
Bayraqdar.info – Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzləri öz fəaliyyətini uğurla qurub. Belə ki, bu mərkəzlərə ötən dövrdə şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 25 min 620 şəxsə xidmətlər göstərilib.
Bu barədə bayraqdar.info-ya martın 31-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 142 – Çağrı mərkəzi vasitəsilə isə həmin mərkəzlərə aid məsələlər üzrə 77277 vətəndaş müraciəti cavablandırılıb: “Hazırda Bakı şəhərində və Abşeron rayonundakı DOST mərkəzlərində, Gəncə şəhərində, Masallı və Ucar rayonlarında regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlərdə 6-sı mərkəzi (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta Kommersiya Şirkəti) və 33-ü yerli icra hakimiyyəti olmaqla 39 qurum üzrə 26 istiqamətdə (əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s.) xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edilir”.
O da qeyd edilib ki, vahid əlaqələndirmə mərkəzləri şəbəkəsinin ölkəmizin bölgələri üzrə genişləndirilməsi istiqamətində işlər davam edir.Mərkəzlərə müraciətlərin qurumlar üzrə bölgüsü aşağıdakı kimidir: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 12377 müraciət; Müdafiə Nazirliyi üzrə 10125 müraciət; Səhiyyə Nazirliyi üzrə 396 müraciət; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 554 müraciət; İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 254 müraciət; Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 1389 müraciət; Yerli İcra Hakimiyyətləri üzrə 525 müraciət.