Son yeniləmə: 30 Mart 2022 13:14
Bayraqdar.info – Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə birgə ölkədə fitosanitar vəziyyətin araşdırılması istiqamətində monitorinqlər aparır. Monitorinqlər bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin vaxtında aşkarlanaraq yayılmasının qarşısının alınması, ətraf mühitin qorunması məqsədilə əkin sahələrində (tarlalar, plantasiyalar, tingliklər, bağlar, istixanalar və s.) ayrı-ayrı bitkiçilik məhsulları arasında keçirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bayraqdar.info-ya verilən məlumata görə, ölkə üzrə aparılan monitorinqlərdən biri bitkiçilik məhsulları sahəsində yüksək məhsuldarlıq və ixrac potensialına malik kartofçuluq təsərrüfatında keçirilib.
“Monitorinqin məqsədi kartofun qonur çürüməsi və xərçəngi, kartof yumrularında halqavari bakterial çürümə, qızılı kartof nematodu, kartof gövdə nematodu kimi kartof bitkisinin təhlükəli zərərli orqanizmlərinin ölkə ərazisində mövcudluğunu müəyyən etmək və aşkarlandığı təqdirdə, yayılmasının qarşısını almaq üçün müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsidir.
“Ümumilikdə indiyə qədər 325 kartofçuluq təsərrüfatında monitorinq aparılıb və 398 nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb edilib. Müayinələr nəticəsində 25 təsərrüfatda uyğunsuzluq aşkar olunub. Hazırda kartofçuluq təsərrüfatlarında monitorinqlərin aparılması prosesi davam edir”, – deyə xəbərdə qeyd edilir.