Press "Enter" to skip to content

Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımalıdır

Doç. Dr. Esma Özdaşlı

Son yeniləmə: 30 Mart 2022 10:43

Esma Özdaşlı: Əgər Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımayacaqsa, o zaman tərəflər arasında hər hansı anlaşmadan söhbət gedə bilməz

Bayraqdar.info – “İki ölkə arasında normallaşma əldə ediləcəksə, ilk növbədə Ermənistanın Türkiyənin ərazi bütövlüyünü, 1921-ci il tarixli Qars və Moskva müqavilələrini tanıması lazımdır. Məhz bundan sonra münasibətlərin normallaşmasından söhbət gedə bilər”.

Bunu bayraqdar.info-ya açıqlamasında Dos. Dr. Esma Özdaşlı deyib.

Azərbaycanın 2020-ci ildəki 44 günlük Vətən müharibəsində qələbəsindən sonra yaranmış yeni reallıqlar fonunda baş tutan Türkiyə-Ermənistan danışıqlarını dəyərləndirən E.Özdaşlı bu prosesin 2009-cu ildə Türkiyə-Ermənistan yaxınlaşması istiqamətində atılan addımlardan tamamilə fərqləndiyini deyib. Bununla belə o, rəsmi Yerevanın atmalı olduğu vacib addımlardan da danışıb.

E.Özdaşlının sözlərinə görə, 2021-ci il 15 iyunda Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünün, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı məqam həm də Ermənistan üçün bir çağıırş kimi dəyərləndirilə bilər: “Orada qeyd olunur ki, Azərbaycan və Türkiyə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər. Yəni Ermənistan rəhbərliyi bilməlidir ki, bundan əvvəl olduğu kimi sonra da istər Azərbaycanla, istərsə də Türkiyə ilə əbədi sülhə, anlaşmaya nail olmaq üçün ilk növbədə bu ölkələrin ərazi bütövlüyünü tanımalıdır”.

Müsahibimiz qeyd edib ki, əgər Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımayacaqsa, o zaman tərəflər arasında hər hansı anlaşmadan söhbət gedə bilməz: “23 avqust 1990-ci il tarixli Ermənistanın müstəqillik aktı barədə bəyyanamədə Türkiyəyə qarşı ərazi iddası öz əksinin tapıb. Daha doğrusu orada Türkiyənin şərqi “Qərbi Ermənistan” kimi təqdim edilib. Bu günə kimi həmin ifadə o bəyannamədə qalır. Eyni zamanda 1991-ci il müstəqilliyin elanında və 1995-ci il Konstitusiyasında da bu bəyannaməyə istinad edilir. Bu gün Ermənistan beynəlxalq hüququn əsas prinsipi olan ölklərin ərazi bütövlüyü prinsipini heçə sayaraq Türkiyənin ərazi bütövlüyünü tanımır. Ermənistan bununla BMT sənədlərini də heçə saymış olur. Belə olan halda Türkiyə ilə Ermənistan arasında hər hansı normallaşmadan söhbət gedə bilməz”.

E.Özdaşlı bildirib ki, Ermənistan diasporunun, həmçinin, bu ölkə daxilindəki revanşist, anti-Türkiyə təmayüllü qüvvələrin son davranışları, o cümlədən keçirilən etiraz aksiyaları və erməni mətbuatında öz əksini tapan məqamlar da normallaşma danışıqları ilə bağlı bəzi suallar yaradır: “Aprelin 24-ü yaxınlaşarkən erməni diasporu və radikal erməni təşkilatları Türkiyənin qondarma “erməni soyqırımı”nı tanımasını iki ölkə arasındakı əlaqələrin normallaşması üçün əsas şərt olaraq gündəmə gətirməyə başlayıb. Akademik Ruben Safaryan yeni prosesin ancaq bir halda uğurlu ola biləcəyini, bunun da ABŞ, Rusiya və Fransanın təzyiqi ilə Türkiyənin qondarma “erməni soyqırımı”nı tanıması halında mümkünlüyünü iddia edib. O, ABŞ-ın keçən il qondarma “erməni soyqırımı”nı tanıdığını, bu vəziyyətdən istifadə edilməsinin lazım olduğunu deyib. “Erməni soyqırımı məsələsi, Qars anlaşması məsələsi və Arsax məsələsi modern kimliyimizin bir parçasıdır” deyən R.Safaryan, əslində, bununla hər şeyi ortaya qoyub. Yəni o, bununla Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşmasına mane olan ən önəmli səbəbin erməni xalqının beynində gizli olduğunun, erməni xalqının bu işğalçı təfəkkürü dəyişmədən yaxşı münasibətlərin qurulmasının mümkün olmayacağının, regionda sülh və sabitliyin əldə edilməyəcəyinin altını cızmış oldu. Çünki regionun sabitsizliyinin səbəbi işğalçı Ermənistandır. İrandan başqa bütün qonşularına ərazi iddiası irəli sürən Ermənistan bu irticaçı hərəkət və iddialardan əl çəkmədən regionda əbədi sabitliyin olacağı mümkün deyil”.

“Yəni bu danışıqların pozulması üçün xüsusilə N.Paşınyana qarşı ciddi təzyiqlərin olduğu müşahidə edilir. Bu qüvvələr xüsusilə də “erməni soyqırımı” iddialarını yenidən gündəmə gətirməklə, əslində danışıqların pozulmasını hədəfləyiblər. Çünki onlar çox yaxşı bilirlər ki, qondarma iddia Türkiyə tərəfindən qəbuledilməzdir. Hesab edirəm ki, Xocalının Fərrux kəndində ermənilərn əl atdıqları təxribatın bir məqsədi də məhz danışıqların pozulmasına nail olmaqdır”, – deyə müsahibimiz sonda əlavə edib.

Mission News Theme by Compete Themes.