Press "Enter" to skip to content

Bakıya nüvə bombası atmağa çağıran deputata beynəlxalq axtarış

Mixail Delyagin

Son yeniləmə: 30 Mart 2022 17:56

Bayraqdar.info – Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Delyagin Mixail Gennadyeviçin son günlər mediada iki dövlət arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd mövqe sərgiləyən çıxışları ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda araşdırma aparılıb.

Prokurorluqdan bayraqdar.info-ya martın 30-da daxil olan məlumatda bildirilir ki, M.Delyagin 2022-ci il 28 mart tarixində Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edib. Bununla da o, ölkənin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması barədə təxribat xarakterli çıxış edərək sosial media platformasında bu barədə kütləvi sorğu keçirib.

“Rusiya Federasiyasının vətəndaşı Mixail Delyaginin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə), 283.2.1 və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan 29 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunmuşdur.

“İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 29 mart 2022-ci il tarixdə M.Delyagin CM-nin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə INTERPOL vasitəsilə beynəlxalq axtarışa elan edilmişdir.

“Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilmişdir. Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

“Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunacaqdır”, – deyə məlumatda vurğulanır.

Əlavə edək ki, M.Delyaginin bu təxribatı Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradıb. Ona görə də ictimai-siyasi fəallar, ayrı-ayrı vətəndaşlar ona sərt cavab verərək barəsində tədbirlər görülməsini tələb ediblər. Bayraqdar.info-nun baş redaktoru Azər Həsrət isə sosial mediada video paylaşaraq M.Delyaginin özünə də göndərib.

@azerhasret

Бросить на Баку ядерную бомбу? Ну и больной!!! #михаилделягин #шовинизм #великоросс #azərbaycan #azərhəsrət #azerhasret #россия #делягин

♬ Originalton – Azer Hasret

Mission News Theme by Compete Themes.