Son yeniləmə: 30 Mart 2022 12:12
Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) 27 Mart – Elm Günü ilə əlaqədar tədbir keçirilib. Bu barədə Aşqarlar Kimyası İnstitutundan məlumat verilib.
“İnstitutun icraçı direktoru kimya elmləri doktoru, dosent Əfsun Sucayev bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Elm Gününün təsis olunması elm adamlarına olan diqqət və hörmətin əyani sübutudur. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf edir. Əfsun Sucayev müstəqilliyin ilk illərində akademiyanın bağlanmaq təhlükəsi ilə üzləşdiyini, yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elmin də inkişafın yeni mərhələsinə qədəm qoyduğunu qeyd edib.
“Ə.Sucayev son illər Azərbaycanda elmin inkişafı, onun dünya elminə inteqrasiyası, elmlə təhsilin vəhdətinin yaradılması, elmin populyarlığının artırılması və istedadlı gənclərin elmə cəlb olunması yolunda işlər görüldüyünü və müəyyən nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb. O, dünya təcrübəsində olduğu kimi ölkə üzrə bütün elmi müəssisələrin və elmi işçilərin elmmetrik meyarlar əsasında qiymətləndirilməsi ilə onlar arasında sağlam rəqabət yaratmaq və bu yolla elmin keyfiyyətinin artırılmasına nail olmağın mümkünlüyünü diqqətə çatdırıb.
“Tədbirdə çıxış edən İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova, laboratoriya müdiri professor Pərvin Məmmədova, aparıcı elmi işçilər Nüsrət Əliyev, Ceyhun Həmidov çıxış edərək Elm gününün əhəmiyyətindən, elmin inkişafına mane olan problem və çətinliklərdən çıxış yollarından danışıblar, rəy və fikirlərini bölüşüblər”, – deyə xəbərdə biildirilir.