Son yeniləmə: 29 Mart 2022 11:19
Bayraqdar.info – “Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılması Azərbaycan dövlətində vətəndaş-hökumət münasibətlərinin daha şəffaf və üstün hüquqi bir müstəvidə qurulmasına xidmət edəcək mühüm addımdır. Prezident İlham Əliyev həmişə haqlı olaraq deyir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifah halı dayanır”.
Bu sözləri bayraqdar.info-ya açıqlamasında millət vəkili Musa Quliyev bildirib.
Deputatın sözlərinə gözə, əlbəttə ki, müraciətə vaxtında baxılması, diqqət göstərilməsi, ərizə və şikayətlərin araşdırılması, pozulmuş hüquqların bərpası və müraciətlərə dolğun cavab verilməsi vətəndaşın sosial rifahına təsir edən amillərdəndir: “Bu, vətəndaşın öz hökumətinə və dövlətinə inamını artıran çiddi addımlardan və xidmətlərdəndir. Prezident həmişə bizə tövsiyə edir ki, hər birimiz Azərbaycan xalqının xidmətçiləriyik”.
M.Quliyev qeyd edir ki, yeni Mərkəzin açılması vətəndaşların işini xeyli asanlaşdıracaq, xidmət səviyyəsini yüksəldəcək, vətəndaş məmnunluğunu artıracaq.
“İndiyə qədər də vətəndaşlar Milli Məclisə, Nazirlər Kabinetinə və Prezident Administrasiyasına müraciətlərini edirlər. Administrasiyanın səlahiyyətli nümayəndələri, şöbə müdirləri, NK-nın səlahiyyətli şəxsləri, nazir və komitə sədrlərinin aprel ayı üçün qəbul qrafiki vətəndaşlara elan edilib. Deputatlar da ənənəvi olaraq vətəndaşları öz yerlərində qəbul edəcəklər. Çox zaman bu qəbullar yerli icra hakimiyyəti orqanları ilə birgə keçiriləcək ki, vətəndaşların probleminə operativ və qısa müddətdə baxılaraq həll edilsin. Bu, ölkə başçısının Azərbaycan vətəndaşlarına qayğsının daha bir ifadəsidir”, – deyə millət vəkili vurğulayıb.
Yeni Mərkəz müraciətlərin çevik araşdırılması baxımından çox vacibdir
O, həmçinin bildirib ki, yeni açılan Mərkəzdə vətəndaşların ilkin və təkrar müraciətləri üçün hər cür şərait yaradılıb. Bu, insanların həm onlayn, həm də fiziki olaraq gəlib şikayətlərini, müraciətlərini etmək üçün yaradılan şəraitdir. Eyni zamanda, ictimai nəzarətin xüsusi formasıdır və dövlət idarəçiliyində çox əhəmiyyətli bir funksiya daşıyır: “Əlbəttə, hər bir vətəndaş yerlərdə ona qarşı hər hansı bir məmurun doğru olmayan kənar bir münasibətini görürsə, süründürməçiliklə, qeyri-qanuni tələblərlə üzləşirsə, bunun da vaxtında müvafiq qurumlara çatdırılması, buraxılan nöqsanların aradan qaldırılması, məsuliyyətsiz şəxslərin cəzalandırılması və digər məmurların da bu cəzalardan ibrət götürməsi əsas şərtlərdəndir. Hesab edirəm ki, PA-nın yeni qəbul mərkəzinin yaradılması bu baxımdan olduqca faydalı və gərəkli bir addımdır. İstər Bakıda, istərsə də regionda yaşayan vətəndaşların daim bu Mərkəzlə əlaqələri olacaq və bu da vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcək”.