Son yeniləmə: 29 Mart 2022 19:12
Bayraqdar.info – Martın 29-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində “Elm günü”nə həsr olunmuş konfrans – sərgi keçirilib. RSXM-dən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, “Zoom” platforması üzərindən onlayn şəkildə keçirilən konfransda Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, Prezidentin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən hər il martın 27-i “Elm günü” kimi qeyd olunur.
“”Baş direktor “Elm günü” münasibəti ilə hər il elmi müəssisə və təşkilatların müxtəlif səpkili tədbirlər keçirdiklərini qeyd edib. O, AMEA nəzdində RSXM-də “Elm günü”nün hər il yüksək səviyyədə qeyd olunduğunu bildirib. “Biz çalışırıq ki, keçirdiyimiz tədbirlər həm elmi xarakterli olsun, həm də ictimaiyyət üçün maarifləndirmə məqsədi daşısın”- deyən professor cəmiyyətin gələcək inkişafında elm və təhsilin böyük rol oynadığını vurğulayıb. Azərbaycanda seysmologiya elminin inkişaf tarixindən danışan Q.Yetirmişli bildirib ki, hazırda bu sahədə mərkəz tərəfindən dünyanın aparıcı ölkələri ilə eyni səviyyədə tədqiqatlar aparılır.
“RSXM-nin beynəlxalq əməkdaşlıq məsələlərindən danışarkən professor Q.Yetirmişli bildirib ki, hazırda Mərkəzin 30-a yaxın xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlığı var: “Biz beynəlxalq əməkdaşlıq məsələlərinə hər zaman xüsusi önəm veririk. Bu əməkdaşlıqlar həm ikitərəfli, həm də beynəlxalq layihələr çərçivəsində aparılır”-deyən baş direktor ötən il mərkəz tərəfindən elmi əməkdaşlıq sahəsində bir sıra önəmli sənədlərin imzalandığını qeyd edib. Onun sözlərinə görə, qardaş Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və Böyük Britaniyanın Oksford Universiteti ilə əldə olunmuş razılaşmalar gələcəkdə birgə tədqiqatların aparılması üçün böyük əhəmiyyət kəsb edir”.
“Konfrans-sərgidə RSXM-nin “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli 1902-ci ildə Şamaxıda baş vermiş zəlzələ, son 120 ildə Azərbaycanda aparılan seysmoloji tədqiqatlarda istifadə olunan cihazlar və seysmoloji tədqiqatların inkişaf tarixinə həsr olunmuş təqdimatla çıxış edib.
“O bildirib ki, 1902-ci il Şamaxıda baş verən zəlzələdən sonra Azərbaycanda instrumental seysmik müşahidələrə başlanıldığını bildirən şöbə müdirinin sözlərinə görə, ötən əsrin əvvəllərində istifadə olunan seysmik cihazların yazıları Tbilisidəki arxivdə saxlanılır. Bu yazıların elmi baxımdan olduqca qiymətli olduğunu deyən T.Məmmədli bildirib ki, zamanla bütün sahələrdə inkişaf getdiyi kimi seysmik cihazların istehsalı sahəsində də modernləşmə olub.
“Qeyd edək ki, konfrans – sərgidə son 120 ildə ölkəmizdə aparılan seysmik tədqiqatlar zamanı istifadə olunan cihazlarla bağlı təqdimat da nümayiş etdirilib. İştirakçıların suallarının cavablandırılmasından sonra konfrans başa çatıb”, – deyə RSXM-nin xəbərində bildirilir.