Son yeniləmə: 29 Mart 2022 18:27
Bayraqdar.info – Məlum olduğu kimi, artıq Avropa Komissiyası Avropa Birliyinə üzv olan ölkələri Rusiyadan və Belorusdan olan investorlara “qızıl pasport”ların verilməsini dayandırmağa çağırıb. Həmçinin, Avropa Komissiyası adıçəkilən ölkələrdən Avropa ölkələrinə yaşamağa gedən investorlara verilmiş “qızıl pasport”ların yoxlanılmasına da başlanılması ilə bağlı çağırış edib.
Ümumiyyətlə, “qızıl pasport” nədir və kimlərə verilir? Prosesin bu formada inkişafı Rusiya və Belorusa hansı formada təsir göstərəcək? Bayraqdar.info-nun bu suallarına milət vəkili Vüqar Bayramov aydınlıq gətirib.
“Avropa ölkələri və Amerika Birləşmiş Ştatlarında qızıl pasport sahibkarlara və xüsusən də investorlara bir sıra güzəştlər təklif edir. Avropa Birliyində qızıl pasport həm də müəyyən təkliflərdən faydalanmaq imkanı deməkdir. İnkişaf etmiş ölkələrdə investisiya qoyuluşu həyata keçirən digər ölkələrin vətəndaşları üçün vətəndaşlıq verilməsi də daxil olmaqla bir sıra güzəştlər var. İstər ABŞ, istər Avropa Birliyinə üzvü olan ölkələrdə investisiya qoyuluşu həyata keçirən şəxslərə vətəndaşlıq təklif olunur. Eyni zamanda, bu pasport onlara fərqli güzəştlərdən yararlanmaq imkanı verir. Bu, xüsusi bir statusdur. Avropa Birliyinə üzv olan əksər ölkələr Rusiya investorları üçün bu güzəştləri praktik olaraq ləğv elədi. Bu, onların investisiya qoyuluşları və kapitallarını artırmaq baxımından arzuolunan deyildi. Belə bir durum təbii ki, investorlar üçün risklər formalaşdırdı.
Millət vəkili onu da qeyd edib ki, AB-nin praktiki olaraq aparıcı rus oliqarxlarının aktivlərini dondurduğunu nəzərər alsaq, bu kontekstdən Rusiya oliqarxlarına qarşı sərt sanksiyalar tətbiq edilir. O baxımdan, “qızıl pasport” imkanının əllərindən alınması da rus iş adamlarının fəaiyyətinə ciddi təsir göstərəcək.
“Aktivləri dondurulmayan rus iş adamları üçün də bu, fəaliyyətlərin genişləndirilməsi baxımından arzu olunmur. Ona görə də bu məsələnin rus oliqarxlarının fəaliyyətinə də mənfi təsir göstərəcəyi gözlənilir”, – deyə V.Bayramov bildirib.