Press "Enter" to skip to content

Palçıq vulkanları ətrafında 10 seysmik stansiya

Son yeniləmə: 29 Mart 2022 16:26

Bayraqdar.info – “Dünyada ilk olaraq, Azərbaycanda palçıq vulkanları ətrafında seysmik stansiyaları quraşdırılıb. Bu stansiyalar palçıq vulkanlarının dinamikasının öyrənilməsinə öz töhfəsini verəcək. Palçıq vulkanları ətrafında quraşdırılması nəzərdə tutulan 12 seysmik stansiyalardan 10 stansiya artıq quraşdırılıb. Qalan 2 stansiyanın quraşdırılması işləri yaxın vaxtlarda başa çatdırılacaq”. Bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli martın 29-da Elm günü ilə bağlı onlayn konfrans-sərgidə bildirib.

RSXM-dən bayraqdar.info-ya verilən xəbərdə qeyd edilib ki, RSXM-nin “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli bir sıra maraqlı məsələlərə toxunub: “Bu gün Azərbaycanda ən müasir seysmik cihazlar var. Bu stansiyalar peyk vasitəsi ilə məlumatları şəbəkəyə ötürürlər. Artıq yerin təkində gedən geodinamik proseslər də müxtəlif cihazlar vasitəsi ilə öyrənilir.

T.Məmmədli çıxışında Azərbaycanda seysmologiya sahənin inkişafında dövlətin dəstəyinin böyük olduğunu qeyd edib. Onun sözlərinə görə, 25 noyabr 2000-ci ildə Bakıda baş verən güclü zəlzələdən sonra Ulu Öndər Heydər Əliyevin göstərişi ilə ölkəyə ən müasir seysmik stansiyalar alınıb gətirilərək quraşdırılıb. Alim artıq ölkədə seysmik monitorinq şəbəkəsinin genişləndiyini və hazırda 62 seysmik stansiya məlumatları əsasında seysmik tədqiqatların aparıldığını deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda seysmik stansiyaların sayı 84-ə çatacaq. Şöbə müdiri həmçinin mərkəzdə geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar aparıldığını da qeyd edib.

Mission News Theme by Compete Themes.