Son yeniləmə: 29 Mart 2022 14:09
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İcma İnkişafı Nazirliyi arasında ikitərəfli əməkdaşlığın qurulması üçün geniş imkanlar mövcuddur. Bu fikir BƏƏ-nin Dubay şəhərində keçirilən VIII Dünya Hökumətləri Sammiti çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə BƏƏ-nin icma inkişafı üzrə naziri xanım Hessa Bint Essa Buhumaidin görüşündə vurğulanıb.
ƏƏSMN-dən bayraqdar.info-ya martın 29-da verilən məlumata görə, nazir S.Babayev Azərbaycanla BƏƏ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. O, siyasi, iqtisadi və digər sahələrdə, o cümlədən bərpa olunan enerji istehsalı sahəsində uğurlu əməkdaşlıq təcrübəsiniin mövcud olduğunu diqqətə çatdırıb.
Xanım H.B.E.Buhumaidin 2019-cu ilin iyun ayında Azərbaycana etdiyi səfəri məmnunluqla qeyd edən nazir ölkəmizdə sosial sahədə aparılan islahatlar, sosial təminat sisteminin innovativ yanaşmalar, müasir və şəffaf iş mexanizmləri əsasında təkmilləşdirilməsi işləri barədə məlumat verib. Dövlət sosial xidmətlərinin əhaliyə “bir pəncərə”dən, operativ, şəffaf və vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan verən DOST layihəsini, həmçinin nazirliyin e-infrastruktur üzərindən proaktiv xidmətlərin qurulması təcrübəsini qeyd edib.
Nazir həmçinin əmək, məşğulluq, sosial müdafiə sahələrində tətbiq olunan innovativ yeniliklərdən, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi işlərindən də bəhs edib.
Xanım H.B.E.Buhumaid ölkəsinin Azərbaycanla dostluq münasibətləri üzərində ikitərəfli əlaqələrinin daim inkişaf etdiyini vurğulayıb. Sosial sahədə də qarşılıqlı fayda verən uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdırılmasının məqsədəuyğun ola biləcəyini qeyd edib.
Görüşdə iki nazirlik arasında ikitərəfli əməkdaşlığın qurulması, həmçinin bu əməkdaşlıq üçün müqavilə hüquq bazasının yaradılması imkanları müzakirə olunub.