Son yeniləmə: 29 Mart 2022 19:11
Bayraqdar.info – Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bursada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) İkinci Diaspora Forumu çərçivəsində Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri ilə görüşüb.
Bu barədə bayraqdar.info-ya martın 29-da Komitədən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan dövlətinin diaspor siyasəti, Prezident İlham Əliyevin göstərişləri və tapşırıqları əsasında diaspor quruculuğu sahəsində həyata keçirilən fəaliyyət istiqamətlərinin və layihələrin əhəmiyyəti, vətəndaşlarımızın və soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiyası, Azərbaycan həqiqətlərinin təbliğ olunması yönündə fəallığı və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin problemlər və çətinliklər dinlənilib, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi yollarına dair təkliflər müzakirə edilib.
Tədbirdə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti, mövcud koordinasiyanın vəziyyəti və digər məsələlər barədə məlumat verib.
Bursa Uludağ Universitetinin Hüquq fakültəsinin tələbəsi, Bursa Uludağ Universitetinin İş İqtisadiyyatı və Sənaye Əlaqələri fakültəsinin magistrantı Lətifə Nağdəliyeva, Bursa-Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin sədri Adil Alisoy, Bursa-Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin sədri, “Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı” və “Azərbaycan Deyincə” Dərnəyinin sədri Hüseyn Vəliyev və başqaları çıxış ediblər. Onlar diaspor sahəsində fəaliyyətlərinin inkişafına göstərilən dəstəyə və əməklərinə verilən qiymətə görə minnətdarlıqlarını bildiriblər. Azərbaycana və dövlətə xidmət etmək milli vəzifə, könül borcu kimi dəyərləndirilib.
Diaspor sahəsində fəal iştiraklarına görə Lətifə Nağdəliyevaya və Adil Alisoya Diasporla İş üzrə Dövlət Komitəsinin təşəkkürnaməsi təqdim edilib.