Press "Enter" to skip to content

Özbəkistandan Şah İsmayıl Xətaiyə yüksək dəyər

Bayraqdar.info – Qardaş Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzi Özbəkistan Milli Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutu ilə birgə böyük dövlət xadimi, klassik Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair Şah İsmayıl Xətainin anadan olmasının 535 illiyi münasibəti ilə Dövlət Televiziyasında “Mənbələr danışanda” adlı veriliş nümayiş etdirilib.

Xəbəri bayraqdar.info-ya martın 28-də verilişin ssenari müəllifi Şuxrat Salamov verib.

Qeyd olunan veriliş jurnalist Dildora Hasanovanın aparıcılığı ilə təqdim edilib. Verilişdə ilk dəfə olaraq Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmış, lirik və epik janrlarda gözəl əsərlər yaratmış, dövlətçilik tarixində müstəsna xidmətləri olmuş hökmdar və şair Ş.İ.Xətainin yaradıcılığı haqqında geniş söhbət açılıb. Onun əsərləri, habelə Özbəkistanın Ə.R.Biruni ad. Şərqşünaslıq İnstitutunda saxlanılan, 1535-ci ilə aid nadir əlyazma əsəri – “Şah İsmayıl Xətai divanının Daşkənd nüsxəsi” barədə məlumatlar, fikirlər, jurnalist araşdırması, habelə müsahibələr verilişdə yer alıb.

“Ekran əsərində Özbəkistandakı Heydər Əliyev ad. Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə azərbaycanlı alim Kərimulla Məmmədzadənin Ə.R. Biruni ad. Şərqşünaslıq İnstitutunda apardığı elmi araşdırmalar nəticəsində tapılmış nadir Xətai əlyazması haqqında məlumatlar öz əksini tapıb”, – deyə xəbərdə bildirilir.

İnstitutun bölmə müdiri, alim Salimaxan Eşanova, Özbəkistandakı Heydər Əliyev ad. Azərbaycan Mədəniyyəti Mərkəzinin direktoru Samir Abbasov, tarixçi alim, Bakı Dövlət Universitetinin kafedra müdiri, əməkdar müəllim, tarix elmləri doktoru Kərəm Məmmədov Ş.İ.Xətainin dövlətçilik, ana dilini dövlət dili səviyyəsinə yüksəltməsi, həm də ədəbi yaradıcılığı barədə danışıb. Onlar Azərbaycan Mədəniyyəti Mərkəzinin həyata keçirdiyi layihə əsasında Özbəkistan arxivlərində saxlanılan Azərbaycana dair nadir əsərlər – əlyazmalarının aşkar edilməsi, tədqiqatının həyata keçirilməsi barədə fikirlərini bölüşüblər.

“Verilişdə Ş.İ.Xətainin oğlu Şah Təhmasibin sifarişi ilə hazırlanmış 1535-ci ilə aid Xətai divanının orijinal Daşkənd nüsxəsi göstərilib, təhlil edilib. Həmçinin Ş.İ.Xətai ilə Əlişir Nəvai yaradıcılıqları arasında əlaqə, Özbək xalqının hökmdarları Zahirəddin Məhəmməd Şah Baburla dostluq əlaqələri, ümumilikdə isə Azərbaycan və Özbək xalqları arasında tarixi dostluğa nəzər salınıb”, – deyə qeyd edilir.

Əlavə edək ki, Özbəkistandakı Heydər Əliyev ad. Azərbaycan Mədəniyyəti Mərkəzi yaxın vaxtlarda “Şah İsmayıl Xətai divanının Daşkənd nüsxəsi” adlı əlyazmanın faksimilə nəşrini həyata keçirməyi planlaşdırıb.

Mission News Theme by Compete Themes.