Son yeniləmə: 28 Mart 2022 14:14
Bayraqdar.info – Həyat təcrübədir. Gör-götür dünyasıdır. Biz ömrümüz boyu görərik, götürərik. Sonra da görüb-götürdüklərimizi işimizə tətbiq edərik. Əlbəttə, düşüncə qabiliyyəti yüksək olanlar gördüklərini təhlil edər, ən yaxşısını mənimsəyər və sonra tətbiqinə yol açar. Bu isə təcrübənin daha da təkmilləşməsinə gətirib çıxarar. Bizim yaxşı bilib götürdüyümüz, daha üst səviyyədə tətbiq etdiyimiz, daha yaxşı kimi bizdən sonrakılara ötürülər.
Bu sözlərimizi yazmağımızın səbəbkarı PR sahəsində təcrübə və şövqüylə illərdir diqqət çəkən, sahəsində örnək olan Səmayə Məmmədovanın “Peşəkarlığın Rəsmi” kitabıdır. Novruz bayramı günlərində əlimizə düşən fürsətdən istifadə edib o kitabı, nəhayət ki, biz də oxuya bildik.
Yeri gəlmişkən, kitab hələ nəşr edilməzdən öncə Səmayə xanım onun haqqında xəbər vermişdi. Biz də söz vermişdik ki, onu ilk oxuyanlardan olacağıq. Həm də oxumaqla qalmayacaq, haqqında fikirlərimizi oxucularımızla paylaşacağıq. Lakin üzrlü şəxsi səbəblərdən kitabı bir qədər gec oxumalı olduq. Hətta bir neçə ay öncə Səmayə xanımın təqdimata dəvətinə də qatıla bilmədik. Sağ olsun, anlayışla qarşıladı.
İndi isə əsər əlimizdədir. Bir neçə gün öncə aldıq, vərəqlədik və ilk təəssüratımız bu oldu ki, kitab, “oxu məni” deyir. Yəni bizim bir sözümüz var daha öncədən də deyilmiş: sən bu kitabı oxumalısan! “Peşəkarlığın Rəsmi” də məhz o kateqoriyadandır. Kitabı həvəslə – sürətlə oxumağımız da ondan xəbər verir.
Yuxarıda da dediyimiz kimi, təcrübə öyrənilməli, inkişaf etdirilməli və yeni imkanlar yaratmalıdır. Səmayə xanımın bu kitabı elə məhz o təcrübənin öyrənilməsi, inkişaf etdirilməsi və yeni imkanlara xidmət etməsi baxımından oxunacaq bir usta əsəridir.
Hər şeydən öncə diqqət çəkən odur ki, müəllif öz peşəkarlıq əsərində şəxsi təcrübəsini ön plana çəkir, eyni zamanda akademik təhsilinə ekskurs edərək peşəkarlardan sitatlar təqdim edir. Ən önəmlisi isə budur ki, o, öz təcrübəsində rastlaşdığı uğursuzluqları ört-basdır etmir, əksinə, onlara da əsərdə yer verir. Ardınca da həmin uğursuzluqları necə fürsətə çevirib sonrakı bənzər işlərdə onlardan yararlandığını izah edir.
“Peşəkarlığın Rəsmi” PR sahəsində işini düzgün qurmaqda çətinlik çəkənlər üçün əla bir vəsaitdir. Bu kitabı oxumaqla bəzən tərəddüd içində olan, özgüvəninə şübhəli yanaşanlar əməlli-başlı cəsarətlənə bilər. Çünki qeyd edilən əsərdə səhv etməkdən qorxmamaq, yanlışlardan dərs çıxarmaq, ürəkli olub yeni zirvələr fəth etmək üçün çox sadə – praktik üsullar təqdim edilir.
Bizim üçün həssas məsələlərdən biri də yazı üslubu – dil məsələləridir. Kitabın dili geniş oxucu auditoriyası üçün anlaşılan – sadədir. Cümlələr qısa və gərəksiz akademik çətinliklərdən uzaqdır. Yəni belə bir kitabı yalnız sahənin peşəkarları deyil, ümumiyyətlə ünsiyyət imkanlarını genişləndirmək istəyən hər kəs oxuyub anlaya, mənimsəyə bilər. Bu isə dərcindən sonra ona olan marağın əlavə səbəblərindən biridir.
“Peşəkarlığın Rəsmi” ilə bağlı ümumi qənaətimiz budur ki, belə bir kitaba zərurət vardı, yaxşı ki, dərc edilib. Üstəlik də şəxsi təcrübədən çıxış edərək yazılması, yalnız yaxşı yöndən deyil, həm də səhvlər üzərindən təqdim edilməsi kitabın ən üstün özəlliyidir.
Yeri gəlmişkən, Səmayə xanımın kitabda istinad etdiyi bir neçə media-PR kampaniyasında biz onunla birlikdə işləmişik. Kitab olmasa belə onun öz işinə şövq və məsuliyyətlə yanaşması, özəlliklə milli və dövlət maraqlarına ürəkdən can yandırması həmişə diqqətimizi çəkib. Bizim onunla işlədiyimiz dövrdə Gənclər və İdman Nazirliyində qeyd olunan sahəyə məsuldu. Bu isə həmin Nazirliyin ictimai rəydə parlaq təqdimatının əsas səbəbi idi.
Əlbəttə, Səmayə xanımın öz işinə belə ürəkdən yanaşmasıyla bərabər ovaxtkı nazir – mərhum Azad Rəhimovun şəxsiyyəti də ayrıca qeyd edilməlidir. Əlavə edək ki, müəllif ona öz yaradıcılıq imkanlarını gerçəkləşdirə bilməsi üçün sözün həqiqi mənasında geniş şərait yaratmış A.Rəhimovla bağlı qeydlərinə də kitabda yer verir. O, “nazirim” deyə söz etdiyi A.Rəhimovun həm də PR sahəsinin əhəmiyyətini düzgün qiymətləndirə bilməsinin tablosunu cızır.
Bizim bu kitabla bağlı ümumi qənaətimiz odur ki, oxunmalı, oxunaraq mənimsənməli bir peşəkar əsəridir. Yəni yuxarıda da qeyd etdiyimiz kimi, bu kitab yalnız PR sahəsi üçün deyil, ümumiyyətlə geniş anlamda ünsiyyət-kommunikasiya baxımından əla bir vəsaitdir. Təbii ki, belə bir əsəri ərsəyə gətirməklə cəmiyyətə faydalı olduğu üçün Səmayə xanımı təbrik edirik.
Və sonda: Hər şey əla-gözəl deyib keçə bilmərik. Biz qələm əhli olduğumuz üçün kitablara həm də kitabçılıq baxımından nəzər yetirərik. O baxımdan “Peşəkarlığın Rəsmi”ndə bir balaca redaktə və korrektura işinə gərək vardı. Bəlkə oxucuların çoxunun diqqətini çəkməyəcək, amma bizim kimi bu işlərdə çox həssas olanların gözündən yayınmayacaq qüsurlar var ki, onları da növbəti nəşrlərdə aradan qaldırmaq yaddan çıxmamalıdır.
Sözardı: Yaxşı kitabdan söz edəndə adətən “sən bu kitabı oxumalısan” deyirik. Yaxud da kitab haqqında danışanda “deyir, oxu məni” ifadəsini işlədirik. “Peşəkarlığın Rəsmi” məhz bu sözlərə layiq kitabdır. Ona görə də oxumayanlara mütləq oxumalarını tövsiyə edərdik. Bizim hətta “Sən bu kitabı oxumalısan” başlıqlı bir yazımız da olub. 2016-cı ilin mayında Qriqoriy Petrovun “Bəyaz zanbaqlar ölkəsində” adlı kitabını oxuduqdan sonra onunla bağlı yazımızı məhz bu başlıqda təqdim etmişdik.
http://www.azerhasret.com/?p=4803