Son yeniləmə: 28 Mart 2022 17:09
Xocalı bizim üçün mənəvi cəhətdən nə qədər əhəmiyyətlidirsə, Fərrux dağı da hərbi baxımdan bir o qədər əhəmiyyətlidir
Bayraqdar.info – Xəbər verildiyi kimi martın 26-sı səhər saatlarında dumanlı hava və məhdud görmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Lakin Azərbaycan ordusu tərəfindən dərhal görülən tədbirlər nəticəsində dəstə üzvləri geri çəkilməyə məcbur edilib. Həmçinin Azərbaycanın suveren ərazilərinin tərkib hissəsi olan Fərrux dağı ətəyindəki Fərrux kəndi və bir neçə strareji əhəmiyyətə malik yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib.
Qeyd edək ki, istər siyasi, istərsə də hərbi ekspertlər haqlı olaraq bunu Azərbaycanın növbəti tarixi qələbəsi kimi dəyərləndirirlər.
Rey Kərimoğlu: Bu, Qarabağdakı separatçıların taleyinin həll edilməsi deməkdir
Qarabağ qazisi, 1-ci Qarabağ savaşında Fərrux dağı istiqamətində getmiş döyüşlərin iştirakçısı Rey Kərimoğlu bayraqdar.info-ya açıqlamasında deyib ki, bu yer Qarabağda ən strateji ərazilərdən biridir və Birinci Qarabağ müharibəsi zamanı bu istiqamətdə ordumuz xeyli itkilər verib. Hətta böyük şair Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəyli Fərrux dağının ətəyində şəhid olub: “Fərrux dağı Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Hətta mən deyərdim Xocalıdan da vacib bir yerdir. Xocalı bizim üçün mənəvi cəhətdən nə qədər əhəmiyyətlidirsə, Fərrux dağı da hərbi baxımdan bir o qədər əhəmiyyətlidir. Qarabağda, Ağdam-Əsgəran istiqamətində yerləşən Fərrux dağı silsilə yüksəkliklərdən ibarətdir. Bu dağ silsilələri düz Ballıqayaya, oradansa Vəngə qədər gedib çıxır. Xaçın çayının yatağı o dağın ətəyi ilə gəlir. Fərrux kəndi isə 40-50 evdən ibarət bir kənddir, Kolanı dərəsinin sol tərəfində, Fərrux dağının dibində yerləşir. O kənd əgər azad olunubsa, Ağdamın Cinli və bir neçə kəndinin təhlükəsizliyi tam təmin edilir”.
R.Kərimoğlunun sözlərinə görə, Fərrux dağındakı yüksəkliklərdən biri də Daşbaşıdır: “O yüksəklik isə Fərrux dağında ən strateji yerdir. Bunu çoxları bilmir, Daşbaşı və Fərrux dağının digər yüksəkliklərinə nəzarət edən tərəf “86-cı” deyilən bir yola, Ağdərə-Xankəndi yoluna da nəzarət edə bilər. Əldə olunan məlumatlara görə bizim ordu hazırda Daşbaşındadır. Bu isə Əsgəran, Xanabad və Xocalının tam ovucumuzun içinə düşdüyü, Xocalının o biri başından keçən Xankəndi yolunun da nəzarətimizə keçdiyi mənasına gəlir. Bu, Qarabağdakı bölücülərin taleyinin həll edilməsi deməkdir”.
Qeyd edək ki, R.Kərimoğlu da məhz 1992-1993-cü illərdə dəfələrlə azad olunan və yenə də erməni işğalı altına düşən Daşbaşı istiqamətində gedən döyüşlərdə yaralanıb. Onun sözlərinə görə, 1992-ci ilin 31 yanvarında Fərrux dağındakı Daşbaşı yüksəkliyinin aşağısındakı kənd Milli qəhrəman, mərhum Şirin Mirzəyevin özünmüdafiə batalyonu və polis alayının iştirakı ilə ermənilərdən azad olunub: “Mən bu kəndin azad edilməsindən sonra onun müdafiəsində iştirak etmişəm. Ümumiyyətlə Fərrux dağı və Daşbaşı istiqamətində bir çox əməliyyatlar həyata keçirilib. Bu əməliyyatları rəhmətlik komandirimiz Ş.Mirzəyevin yaratdığı batalyon icra edirdi. 1992-1993-cü illərdə bəlkə də bu istiqamətə tərəfimizdən 10 dəfə hücum təşkil olunub. Bir neçə dəfə Daşbaşını azad etmişik, lakin saxlaya bilməmişik. Bunun da səbəbi o idi ki, biz oradakı erməni qüvvələrini çox asan bir şəkildə zərərsizləşdirə bilirdik. Lakin 30-40 dəqiqə sonra ermənilərə kömək gəlirdi və Xankəndi-Xanabad istiqamətindəki yüksəkliklərdən bizi iri çaplı silahlardan atəşə tuturdular. Bizimsə Daşbaşında qorunmağa yerimiz yox idi. Ona görə də hər dəfə məcbur olub yüksəklikdən düşür, buranı əlimizdə saxlaya bilmirdik. Yaralanmağıma gəlincə, 1992-ci il avqustun 9-da kiçik bir kəşfiyyat qrupu kimi gecəylə bu istiqamətdə yoldanmışdıq. Məqsədimiz Daşbaşına qalxan zaman bizi vuran ermənilərin təminat durumu, onlara arxadan gələn dəstək yolları, bu dəstəyin qarşısını almaq üçün pusqu qurmaq yerləri və s. müəyyənləşdirmək idi. Öyrənmək istəyirdik ki, Daşbaşı yüksəkliyinə çıxanda bizi vuran erməni qüvvələrini, onlara gələn dəstəyi necə zərərsizləşdirə bilərik. Biz kəşfiyyat planını uğurla icra edib geri dönəndə minaya düşdük. Üç nəfər idik və mən də orada yaralandım”.
Vüqar İskəndərov: Hər kəs bilməlidir ki, “Dağlıq Qarabağ” termini artıq birdəfəlik arxivə atılıb
Öz növbəsində Milli Məclisin deputatı Vüqar İskəndərov bayraqdar.info-ya deyib ki, Fərrux dağı ətəyindəki Fərrux kəndi və bir neçə strareji əhəmiyyətə malik yüksəkliklərin Azərbaycanın nəzarəti altına keçməsi qanunauyğun nəticədir: “Məlum olduğu kimi Azərbaycanın Vətən müharibəsində qələbəsi nəticəsində regionda yeni reallıqlar, yeni əməkdaşlıq mühiti yaranıb. Sülhün və sabitliyin bərqərar olması, kommunikasiyaların açılması üçün imkanlar yaranıb. 2020-ci il 10 noyabr Bəyanatında və ondan sonra əldə olunan digər razlaşmalarda da bu məsələlər öz əksini tapıb. Lakin Ermənistan həmişəki kimi bu cür təxribatlar törətməklə sülh və sabitliyin, əməkdaşlığın tərəfdarı olmadığını göstərir. Digər tərəfdən 10 Noyabr Bəyanatının 4-cü bəndinə əsasən qanunsuz erməni silahlı birləşmələri həmin ərazilərdən çıxarılmalı idi. Artıq iki il keçməsinə baxmayaraq bu məsələ öz həllini tapmayıb və Rusiya sülhməramlıları 10 noyabr razılaşmasının müddəalarına əməl etmək əvəzinə onu pozur. Belə olan təqdirdə isə Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını qətiyyətlə almaqla yanaşı, dislokasiya işləri apararaq mövqelərini möhkəmlədir və bu proses davam edir”.
Deputat qeyd edib ki, bu gün regionda sülhün təmini üçün məsuliyyəti öz üzərinə götürən Rusiya sülhməramlılarının ermənilərin çoxsaylı təxribatlarına göz yumması, bu azmış kimi Rusiya Müdafiə Nazirliyinin məlum açıqlamaları təəssüf doğurmaqla yanaşı, Azərbaycanla Rusiya arasında imzalanan 22 fervral 2022-ci il tarixli “Müttəfiqlik münasibətləri haqqında” Bəyanata ziddir: “Hər kəs, o cümlədən Ermənistan rəhbərliyi və Rusiyanın Müdafiə Nazirliyi bir daha bilməlidir ki, “Dağlıq Qarabağ” termini artıq birdəfəlik arxivə atılıb. Yəni artıq “Dağlıq Qarabağ” deyə bir məfhum yoxdur. Ali baş komandanın dəmir yumruğu bu məfhumu birdəfəlik məhv edib. Bir sözlə, bu torpaqlar Azərbaycanın əzəli əraziləridir və bundan sonra da Azərbaycanın nəzarəti altında olacaq”.