Son yeniləmə: 28 Mart 2022 18:46
Bayraqdar.info – 20-26 mart 2022-ci il tarixlərində Seneqalın paytaxtı Dakar şəhərində 9-cu Dünya Su Forumu və Dünya Su Şurasının İdarə Heyətinin 77-ci görüşü keçirilib.
Bu barədə bayraqdar.info-ya martın 28-də “Azərsu” Açıq Səmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, “Sülh və inkişaf üçün su təhlükəsizliyi” mövzusunda keçirilən 9-cu Dünya Su Forumunun açılışında Seneqalın Prezidenti Makki Sal, 7 ölkənin dövlət və hökumət başçıları çıxış ediblər: “Forumda BMT Baş Assambleyasının, UNESCO-nun, Dünya Bankının, Afrika İnkişaf Bankının, Dünya Su Şurasının, Avropa Kommissiyasının, BMT-nin Ətraf mühit proqramının rəhbərləri və 100-dək ölkədən 30 mindən çox nümayəndə iştirak edib. Forumun bölmə iclaslarında su ehtiyatlarının idarə edilməsi, mühafizəsi, tullantı sularının təmizlənməsi və təkrar istifadəsi, qlobal iqlim dəyişiklikləri şəraitində adaptasiya metodları, elmi tədqiqat və təhsil məsələləri müzakirə olunub”.
Qeyd edilib ki, Forum çərçivəsində keçirilən sərgilərdə Azərbaycan nümayəndə heyəti müxtəlif şirkətlərin təmsilçiləri ilə işgüzar görüşlər keçirib. Görüşlərdə Azərbaycanda su təchizatı sahəsində görülmüş işlər, Sərsəng su anbarı, qaçqın və məcburi köçkünlərin su problemləri haqqında məlumatlar verilib.
Forumun yekun iclasında Dakar Bəyannaməsi qəbul olunub.
Dünya Su Şurasının İdarə Heyətinin iclasında Şuranın növbəti 3 illik Fəaliyyət Planı, 8-ci Dünya Su Forumunun son hesabatları, 9-cu Dünya Su Forumuna hazırlıq işləri və 10-cu Dünya Su Forumuna ev sahibliyi, eləcə də yeni üzvlərin qəbul olunması və digər məsələlər müzakirə olunub. İclasda 10-cu Dünya Su Forumuna İndoneziyanın ev sahibliyi təsdiqlənib.
“Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının müdiri Elçin Əliyev İdarə Heyətinə yeni alternativ üzv seçilib.
Səfər müddətində “Azərsu” ASC-nin nümayəndələri tədbir çərçivəsində bir sıra ölkələrin və beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşüb, əməkdaşlıq məsələlərini müzakirə ediblər. Dünya Su Şurasının prezidenti Lui Fuşon, Beynəlxalq Su Resursları Assosiasiyasının icraçı direktoru Kallum Klenç, Türkiyə Su İnstitutunun prezidenti Ahmet Saatçı, BMT-nin Su proqramının və BMT-nin Ərzaq və Kənd Təssərüfatı təşkilatının məsul şəxsləri, bir sıra şirkətlərin rəhbərləri və nümayəndələri ilə keçirilən görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.