Son yeniləmə: 28 Mart 2022 18:37
Bayraqdar.info – Azərbaycan Hökuməti ilk günlərdən COVID-19 pandemiyasına qarşı mübarizə istiqamətində zəruri addımlar atıb. Məhz bu addımlar və həyata keçirilən kompleks tədbirlər nəticəsində ötən il ÜDM-in 5,6 faiz artlb.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində “Parlaq gələcək üçün davamlı innovasiyalara investisiyaların yatırılması” mövzusunda 11-ci İllik İnvestisiya Konfransı çərçivəsində keçirilən Azərbaycan – BƏƏ kiçik və orta biznes (KOB) üzrə Forumda çıxışı zamanı deyib.
ƏƏSMN-dən bayraqdar.info-ya martın 28-də verilən məlumata görə, konfrans çərçivəsində “Dubay Expo 2020” sərgisinin Azərbaycan pavilyonunda keçirilən “Azərbaycan-BƏƏ KOB Forumu: biznesləri birləşdirən, ölkələri birləşdirən” adlı tədbir KOB-lar üçün imkanlar haqqında müzakirələr aparmaq, KOB-ların şəbəkələşməsi və fikir mübadiləsi aparması üçün birgə platformanın təmin edilməsi məqsədi daşıyıb.
S.Babayev çıxışında ölkəmizdə son 3 ildə illik maliyyə dəyəri 6,5 milyard manat (təqribən 3,8 milyard ABŞ dolları) olan və ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paketinin həyata keçirildiyini diqqətə çatdırıb. Aparılan sosial islahatlar nəticəsində sosial ödənişlərdə 65 faiz, minimum pensiyada 2,2 dəfə, orta pensiyada 60 faiz, minimum əmək haqqında 2,3 dəfə, illik əməkhaqqı fondunda 2 dəfədən çox artım baş verdiyini vurğulayıb.
Nazir sosial xidmətlərin vahid platformadan, şəffaf, operativ göstərilməsi üçün yaradılmış DOST mərkəzləri, sosial ödənişlərin elektron təyinatı mexanizmləri barədə məlumat verib. İnnovativ nailiyyətlərin sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və müasirləşməsinə töhfə verdiyini deyib. Nazirliyin 170 xidmətindən 110-nun rəqəmsal formada göstərildiyini qeyd edən S.Babayev son illər qurulmuş “Məşğulluq” e-sisteminin əhəmiyyətini də diqqətə çatdırıb. Bildirib ki, ölkədə məşğulluq yönümlü iqtisadi inkişaf siyasəti həyata keçirilir, mikro, kiçik və orta sahibkarlıq dəstəklənir, hökumət, işəgötürənlər və işçilərin nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya fəaliyyət göstərir.
S.Babayev son 5 ildə həyata keçirilən özünüməşğulluq proqramının dəstəyi ilə 48 mindən çox ailənin öz təsərrüfat və müəssisələrini yaratdığını, Dünya Bankı, BMT İnkişaf Proqramı, müxtəlif biznes strukturlarının da bu proqrama cəlb olunmasının proqramın uğurlarının artmasına imkan verdiyini bildirib.
O, ölkəmizin işğaldan azad edilmiş ərazilərində innovasiya və texnoloji inkişaf, smart konsepsiyalar əsasında aparılan yenidənqurma və bərpa işlərini diqqətə çatdırıb.
S.Babayev iki ölkənin işgüzar əlaqələrinin inkişafının əməkdaşlığın daha da möhkəmlənməsinə və ölkələrimizdə insan kapitalının inkişafına da mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Məlumata əsasən, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Azərbaycan və BƏƏ arasında iqtisadi–ticarət əlaqələrindən, enerji və BƏƏ-nin müvafiq qurumları ilə KOB sahəsində əməkdaşlıqdan, Agentlik tərəfindən yerli və xarici iş adamlarına göstərilən dəstəkdən bəhs edib.
Sahibkar, Azərbaycan Qadın Sahibkarlar Təşkilatının təsisçisi Tatyana Mikayılova, Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq əlaqələr idarəsinin direktoru Ömər Xan, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev də çıxış ediblər.
Forum birgə biznes təşəbbüsləri üçün perspektivlərə dair panel müzakirələrlə davam edib.
Tədbir iştirakçıları “Dubay Expo 2020” sərgisinin Azərbaycan pavilyonunda da olublar. KOBİA-nın təşkilatçılığı ilə “Post-pandemiya dövründə KOB-lara dəstək mexanizmləri: dövlət-özəl dialoqunun effektivliyi” mövzusunda seminar da keçirilib.